Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb
Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı hərəkət qismən məhdudlaşdırılıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb
Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.












