Evi kollektorun üzərində olan sakin: “Mən hardan bilməli idim ki, altından kollektor keçir?” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Evi kollektorun üzərində olan sakin: “Mən hardan bilməli idim ki, altından kollektor keçir?” – VİDEO

Oksana Orucova11:35 - Bu gün
Evi kollektorun üzərində olan sakin: “Mən hardan bilməli idim ki, altından kollektor keçir?” – VİDEO

Bakı şəhərinin Xətai rayonunda yerləşən Şahin Səmədov küçəsində fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə 2026-cı il fevralın 28-də çökmə hadisəsi baş verib.

Hadisənin kanalizasiya kollektoru üzərində tikilmiş evlərlə bağlı olduğu bildirilir.

1news.az Biznes TV-yə istinadən xəbər verir ki, 1 aydan çoxdur ki, bu problem davam edir və hələ də həlli istiqamətində iş görülməyib.

Zərərçəkmiş sakinlərin sözlərinə görə, evlərin inşası zamanı onların altında kanalizasiya xəttinin keçməsi barədə hər hansı məlumat verilməyib. Sakinlər iddia edirlər ki, tikinti prosesi müxtəlif qurumların nəzarətindən keçib və bu səbəbdən də belə bir riskin mövcudluğundan xəbərsiz olublar.

Evi zərər görən sakin Afayat Bayramova bildirib ki, ərazidə icazəsiz tikinti aparmağın mümkün olmadığını hər kəs bilir:

“Bu ərazidə icazəsiz hətta kiçik bir dəyişiklik belə etmək olmur. Belə böyük ev tikiləndə mən hardan bilməli idim ki, altından kollektor keçir? Bir neçə qurumun nəzarətindən keçdikdən sonra evi tikmişik. Hazırda isə evimlə yanaşı digər evlər də qəzalı vəziyyətdədir. Ailələr, azyaşlı uşaqlar təhlükə altındadır. Biz faktiki olaraq çıxılmaz vəziyyətdəyik”.

Digər sakin Mariyyə Abbasova isə evin çıxarışının olmadığını qeyd edib. Onun sözlərinə görə, tikintiyə 2003-cü ildə başlanılıb, 2006-cı ildən isə həmin evdə yaşayırlar:

“Evin çıxarışı yoxdur. Yalnız bələdiyyə sənədləri mövcuddur. İllərdir bu vəziyyətdə yaşamışıq və problemdən xəbərimiz olmayıb. Çıxarış almaq üçün dəfələrlə müraciət etsək də, nəticə əldə edə bilməmişik”.

Şikayətçi Əhsən Bayramov da bildirib ki, təhlükəli vəziyyətə baxmayaraq, sakinlər evlərini tərk edə bilmirlər:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən bildirildi ki, bu evlərdə yaşamaq mümkün deyil. Lakin gedəcək yerimiz yoxdur. Bəziləri hətta avtomobildə gecələməyə məcbur qalır. Evim 2005-ci ildə tikilib. Bələdiyyə sərəncamı ilə inşa olunub, aidiyyəti qurumların da məlumatı olub. Qeyri-qanuni heç nə etməmişik. Maddi imkan olmadığından çıxarış ala bilməmişik. Halbuki həmin ərazidə bəzi evlərin çıxarışı var”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən bildirilib ki, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən, diametri 1000 mm olan dəmir-beton konstruksiyalı Günəşli kanalizasiya kollektoru üzərində qeyri-qanuni şəkildə fərdi yaşayış evləri inşa edilib. Qurumun məlumatına görə, istismarda olan şəbəkənin üzərində aparılan tikinti nəticəsində yaranan əlavə yük kollektorun çökməsinə səbəb olub.

Agentlik qeyd edib ki, hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub, müvafiq akt tərtib edilib və vətəndaşlara xəbərdarlıqlar verilib. Bildirilib ki, küçənin müxtəlif hissələrində kollektor üzərində inşa edilmiş digər evlər də mövcuddur.

Rəsmi açıqlamada vurğulanıb ki, su və tullantı su xətlərinin, eləcə də onların mühafizə zolaqlarının üzərində tikinti və qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir. Faktla bağlı məhkəməyə müraciət olunub və hazırda proses hüquqi müstəvidə davam etdirilir.

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər