Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirilib
Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr aparıldığını nəzərə alaraq, qurum tərəfindən səsləndirilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə geniş açıqlama verilib.
1news.az xəbər verir ki, açıqlamada bildirilib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər nəzərə alınmaqla qəbul edilib.
Qeyd olunub ki, Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir və onun daimi yaşayış yeri Almaniyadadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Beynəlxalq təcrübəyə uyğun olaraq, əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Açıqlamada vurğulanıb ki, Əvəz Abdullayevin sənətinə və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun Almaniyada fəaliyyət göstərdiyi “Nationaltheater Mannheim” teatrında Azərbaycanı layiqincə təmsil etməsinə əminlik bildirilib.
Bildirilib ki, Xalq artisti Yalçın Adıgözəlov yüksək peşəkarlığı və sənətə verdiyi töhfələrlə seçilən sənətkardır. O, Niyazı adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında teatrla müqaviləsinə xitam verilib. Bununla belə, onunla da beynəlxalq təcrübəyə uyğun olaraq layihə əsaslı əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Teatrın solisti Atəş Qarayevlə bağlı isə qeyd olunub ki, ona müxtəlif dövrlərdə, xüsusilə 44 günlük Qarabağ müharibəsi veteranı olması nəzərə alınaraq həssaslıqla yanaşılıb və müvafiq dəstək göstərilib. Onun Avstriya, Qazaxıstan və Rusiyada keçirilən beynəlxalq tədbirlərdə iştirakı üçün də lazımi şərait yaradılıb.
Bununla yanaşı, teatrda əmək intizamı ilə bağlı ciddi islahatların aparıldığı bildirilib. Keçirilən yoxlamalar nəticəsində Atəş Qarayevin 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız 4 gün işdə olduğu, 2026-cı ilin yanvar ayında ümumiyyətlə işə gəlmədiyi, fevral ayında isə 24 iş günündən 11 gün işdə olduğu müəyyən edilib. Bu səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunub və əməkhaqqından müvafiq tutulma aparılıb.
Açıqlamada həmçinin qeyd edilib ki, bu ilin yanvar ayında Oman Sultanlığının paytaxtı Maskatda yerləşən Kral Opera Teatrında dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyerası baş tutub. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim olunub. Qastrol çərçivəsində kollektivin aviabiletləri, yerləşdirilməsi və qidalanma xərcləri qarşı tərəf tərəfindən ödənildiyindən, qanunvericiliyə uyğun olaraq əlavə ezamiyyə xərcləri nəzərdə tutulmayıb.
Qonorar ödənişləri ilə bağlı bildirilib ki, vəsaitlər qarşı tərəfdən köçürüldükdən sonra ödənişlərin 60 iş günü ərzində həyata keçiriləcəyi əvvəlcədən iştirakçıların diqqətinə çatdırılıb və bu ödənişlər artıq icra olunub.
Teatr rəhbərliyi bildirib ki, əsas prioritetlərdən biri kollektivin peşəkar inkişafının və maddi-sosial rifahının yüksəldilməsidir. Bu istiqamətdə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial təminatının gücləndirilməsi əsas hədəflər sırasındadır.
Açıqlamada o da qeyd olunub ki, teatrın əsas səhnəsində yenilənmə işləri davam etsə də, yaradıcılıq fəaliyyəti fasiləsiz davam edir. Belə ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda təqdim olunub, “Koroğlu” operası bərpa edilib. İlk dəfə səhnələşdirilən, musiqisi Xalq artisti Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan “Nəsimi” operası isə sənətsevərlər üçün əlamətdar hadisəyə çevrilib.
Bununla yanaşı, “Opera günləri” və “Balet günləri” layihələri təşkil olunub. 2026-cı ilin mart ayında Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edən qastrol proqramı həyata keçirilib, martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş etdirilib.
Həmçinin, Cüzeppe Verdinin “Aida” operası da tamaşaçılara təqdim olunub.
Açıqlamada vurğulanıb ki, teatrın maddi-texniki bazası gücləndirilib, müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə təmin olunub. Dövlət-özəl tərəfdaşlıq və sponsorluq mexanizmləri əsasında texniki imkanların genişləndirilməsi istiqamətində də addımlar atılıb.
Sonda bildirilib ki, teatrda əməkdaşlarla bağlı qərarlar qanunvericilik, təşkilati zərurətlər və peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Qurumun fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıqdır.
Qeyd olunub ki, mövcud faktlar teatr kollektivinin sistemli və davamlı inkişaf xətti üzrə fəaliyyət göstərdiyini təsdiqləyir. Ayrı-ayrı subyektiv yanaşmalar və spekulyativ fikirlərin isə obyektiv reallığı əks etdirmədiyi vurğulanıb.
Eyni zamanda, əmək münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları, intizam tədbirləri və digər təşkilati proseslərin qanunvericiliyə uyğun, sivil və hüquqi çərçivədə həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonda qeyd olunub ki, çoxşaxəli layihələrin həyata keçirilməsi, gənclərin teatra cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet satışlarının artması qurumda keyfiyyət yönümlü institusional dəyişikliklərin baş verdiyini göstərir və bu dinamika tamaşaçı məmnuniyyətinin yüksəlməsinə xidmət edir.












