Pataxtda subasma mənzil bazarına necə təsir edəcək? - Ekspertdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Pataxtda subasma mənzil bazarına necə təsir edəcək? - Ekspertdən AÇIQLAMA

Oksana Orucova14:35 - Bu gün
Pataxtda subasma mənzil bazarına necə təsir edəcək? - Ekspertdən AÇIQLAMA

Son günlər yağan güclü yağışlar Bakı və Abşeron yarımadasında ciddi fəsadlar törədib.

Yağıntılar nəticəsində yüzlərlə fərdi yaşayış evi, iaşə obyekti və ticarət mərkəzi subasmaya məruz qalıb. Xüsusilə çıxarışsız fərdi evlərin yerləşdiyi massivlərdə vəziyyət daha ağır olub.

Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, subasmaların əsas səbəblərindən biri həmin ərazilərdə torpaqların yaşayış üçün nəzərdə tutulmamasıdır. Onun sözlərinə görə, bu torpaqlar əsasən kənd təsərrüfatı və ya digər təyinatlı olduğundan, qanunvericiliyə əsasən burada tamhüquqlu kommunikasiyaların çəkilməsi mümkün deyil. Buna baxmayaraq, ərazilərdə məskunlaşma olduğu üçün müəyyən kommunikasiya xətləri çəkilib.

Ekspert qeyd edib ki, 2023-cü ilin oktyabr ayından qüvvəyə minən qərara əsasən, çıxarışı olmayan fərdi yaşayış evləri artıq kommunikasiyalarla təmin olunmur ki, bu da mövcud infrastrukturu daha da zəiflədir.

“Subasma baş verən ərazilərdə yağış sularının ötürülməsi üçün kollektorların və kanalizasiya xətlərinin kifayət qədər olmaması güclü yağıntılar zamanı ciddi problemlərə səbəb olur. Nəticədə yüzlərlə mənzil su altında qalır, evlər yararsız vəziyyətə düşür, bünövrələrə və ümumi dayanıqlığa ciddi ziyan dəyir”, – deyə o bildirib.

E.Fərzəliyev əlavə edib ki, baş verənlər həmin ərazilərin riskli zona kimi formalaşmasına gətirib çıxarır və bu da daşınmaz əmlak bazarına mənfi təsir göstərir.

“Subasmaya məruz qalan ərazilər təhlükəli zona kimi qəbul olunur. Bu isə həmin ərazilərdəki əmlakların bazar dəyərinin aşağı düşməsinə səbəb olur. Yaxın günlərdə bu ərazilərdə çoxsaylı əmlakın satışa çıxarılması gözlənilir. Kütləvi satış isə qiymətlərin daha da ucuzlaşmasına gətirib çıxara bilər”, – deyə ekspert vurğulayıb.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər