Fatmayı bələdiyyəsinin sədri ilə bağlı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fatmayı bələdiyyəsinin sədri ilə bağlı cinayət işi açılıb

Qafar Ağayev10:47 - Bu gün
Fatmayı bələdiyyəsinin sədri ilə bağlı cinayət işi açılıb

Abşeron rayonu, Fatmayı bələdiyyəsinin sədri ilə bağlı cinayət işi açılıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Nəsir Nəsirlinin qeyd edilən vəzifədə işləyərkən 2020-2024-cü illər ərzində bələdiyyə mülkiyyətində olan ümumilikdə 13 ha torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən məcburi qiymətləndirilməklə orta bazar qiymətindən az olmamaq şərti ilə satmalı olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə həmin tələblərə zidd olaraq dəyərindən aşağı satılması nəticəsində bələdiyyəyə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Nəsir Nəsirliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilib.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər