Qəbələdə “Sülh Körpüsü” çərçivəsində ikitərəfli dəyirmi masa keçirildi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Qəbələdə “Sülh Körpüsü” çərçivəsində ikitərəfli dəyirmi masa keçirildi - FOTO

16:06 - Bu gün
Qəbələdə “Sülh Körpüsü” çərçivəsində ikitərəfli dəyirmi masa keçirildi - FOTO

10-12 aprel 2026-cı il tarixlərində Azərbaycanın Qəbələ şəhərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib.

1news.az xəbər verir ki, növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, şəkildə delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib. Bu keçid faktının özü “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində növbəti simvolik addım olub.

İki gün ərzində dörd müzakirə sessiyası keçirilib. İştirakçılar Cənubi Qafqazda və onun ətrafında baş verən geosiyasi prosesləri və onların sülh prosesinə təsirini müzakirə ediblər. Azərbaycanlı və erməni ekspertlər həmçinin regional inkişafla bağlı öz ölkələrinin mövqeləri və baxışları barədə fikir mübadiləsi aparıblar.

İkitərəfli dialoqdan əvvəl “Sülh Körpüsü” Təşəbbüsünün nümayəndələri öz ölkələrində vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri ilə görüşlər və müzakirələr keçirərək ictimai gözləntiləri və sülh prosesinə dair yanaşmaları daha yaxşı anlamağa çalışıblar. Ayrı bir sessiyada təşəbbüs iştirakçıları bu görüşlərin nəticələrini təqdim edərək cəmiyyətlərdə mövcud əsas narahatlıqları, gözləntiləri və baxışları vurğulayıblar.

İctimai gözləntiləri nəzərə alaraq, iştirakçılar yekun sessiyanı sülh prosesinin növbəti mərhələlərində həyata keçiriləcək birgə və fərdi fəaliyyətlər barədə fikir mübadiləsinə həsr ediblər.

11 aprel tarixində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində keçirilən dördüncü ikitərəfli dəyirmi masanın iştirakçıları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Görüş zamanı regional təhlükəsizlik, sülh prosesinin siyasi səviyyədə gedişi və vətəndaş cəmiyyətinin normallaşma prosesinə töhfəsi müzakirə olunub.

İki günlük dialoq dördüncü görüşün nəticələrinin yekunlaşdırıldığı mətbuat konfransı ilə başa çatıb.

Vətəndaş cəmiyyəti nümayəndələrinin son görüşü konstruktiv dialoq, açıq müzakirələr və sülh gündəliyinə alternativin olmadığına dair bir daha təsdiq mühitində keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər