Şimali Koreya qanadlı və gəmiəleyhinə raket sınaqları keçirib | 1news.az | Xəbərlər
Dünya

Şimali Koreya qanadlı və gəmiəleyhinə raket sınaqları keçirib

Qafar Ağayev13:04 - Bu gün
Şimali Koreya qanadlı və gəmiəleyhinə raket sınaqları keçirib

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Yaxın Şərqdəki gərginlikdən istifadə edərək silahlanma proqramını sürətləndirdiyi iddia olunur.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkə ordusunun növbəti hərbi sınaq həyata keçirdiyini açıqlayıb. Bildirilir ki, sınaqlar zamanı esminesdən 2 strateji qanadlı raket və 3 gəmiəleyhinə raket buraxılıb.

Məlumata görə, Kim Çen In tərəfindən şəxsən izlənilən testlər ölkənin qərb sahillərində keçirilib. Sınaqlar çərçivəsində döyüş gəmisinə inteqrasiya olunmuş silahların idarəetmə sisteminin işləkliyi yoxlanılıb, ekipajın buraxılış prosedurları üzrə hazırlığı təkmilləşdirilib və yenilənmiş naviqasiya sistemlərinin radioelektron maneələrə qarşı davamlılığı sınaqdan keçirilib.

Sınaqlardan sonra Kim Çen In hazırda tikintisi davam edən iki esmines və onların silahlanma planları barədə məlumat alıb. O, nüvə caydırıcılığının gücləndirilməsinin ölkə üçün ən yüksək prioritet olduğunu vurğulayıb.

Cənubi Koreyalı ekspertlər hesab edirlər ki, Pxenyan yeni hərbi gəmilər inşa etməklə esmines donanması formalaşdırmağa çalışır. Onların fikrincə, Şimali Koreya Yaxın Şərqdəki münaqişələr kimi qlobal diqqətin yayındığı dövrlərdən istifadə edərək nüvə və raket buraxılış imkanlarını sürətlə inkişaf etdirməyə çalışır.

Paylaş:
153

Son xəbərlər

Bütün xəbərlər