Ukrayna Ordusu 1700 kilometr uzaqlıqdakı Rusiya obyektini vurdu
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın kimya sənayesində mühüm yer tutan və hərbi istehsalla əlaqəli “Metafrax Chemicals” şirkətinə zərbə endirib.
1news.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat verib.
Prezident bildirib ki, zərbə Rusiyanın əsas hərbi obyektlərindən birinə yönəlib və əməliyyatı həyata keçirən Ukrayna Təhlükəsizlik Xidmətinə təşəkkür edib. Onun sözlərinə görə, obyekt Ukrayna sərhədindən təxminən 1700 kilometr uzaqlıqda, Perm bölgəsində yerləşir.
Zelenski qeyd edib ki, “Metafrax Chemicals” Rusiyanın kimya sənayesinin vacib hissəsidir və müəssisənin məhsulları onlarla hərbi istehsal obyektini təmin edir.
O vurğulayıb ki, bu məhsullar təyyarə, pilotsuz uçuş aparatları, raket mühərrikləri və partlayıcı maddələrin istehsalında istifadə olunur.
Prezident əlavə edib ki, zərbə nəticəsində müəssisədə istehsal prosesi dayandırılıb.
“Bizim uzaqməsafəli sanksiyamız mühüm əhəmiyyət daşıyır”, – deyə Zelenski paylaşımında qeyd edib.












