Gənclər niyə neqativ mövzularla gündəmə gəlmək istəyir? – Sosioloqdan açıqlama
Azərbaycanda son dövrlər bəzi gənclərin davranışları, xüsusilə sosial şəbəkələrdə yayılan görüntülər və ictimai yerlərdə baş verən bəzi hadisələr cəmiyyətdə narahatlıq doğurmaqda davam edir.
Son zamanlar Nizami Kino Mərkəzi binasının üzərinə çəkilən qrafiti şəkillər, eləcə də bulvar ərazisində dekorativ məqsədlə əkilən güllərin əzilməsi kimi hallar bu narahatlığı daha da artırıb.
Bəs görəsən gənclərin belə addım atmaqda məqsədləri nədir? Niyə mənfi addımlarla gündəmə gəlmək istəyirlər?
Mövzu ilə bağlı 1news.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, mövcud vəziyyət artıq ciddi sosial problemə çevrilməkdədir.
Onun sözlərinə görə, son illər uşaqların və gənclərin tərbiyəsi məsələsi arxa plana keçib:
"Bu, onu göstərir ki, son vaxtlar gənclər və yeniyetmələr arasında tərbiyəsiz böyüyənlərin sayı artır. Ümumiyyətlə, tərbiyə məsələsi arxa plana atılıb və bu, cəmiyyətin bütün sahələrində açıq şəkildə özünü göstərir. Bu gün gənclər daha çox özünü göstərmək, şou yaratmaq, diqqət çəkmək psixologiyası ilə yaşayır. Bu isə artıq ciddi psixoloji problemdir və özünü təsdiq etmə ehtiyacının yanlış formada təzahürüdür.
Gənclər faydalı fəaliyyətlər – elm, təhsil, peşə, yaradıcılıq əvəzinə, sosial şəbəkələrdə diqqət çəkmək üçün mənasız və zərərli hərəkətlərə üstünlük verirlər. Bu cür davranışlar nə cəmiyyət üçün faydalıdır, nə də fərdin inkişafına xidmət edir".
Sosioloq əlavə edib ki, problemin kökündə həm də valideyn nəzarətinin zəifləməsi və milli-mənəvi dəyərlərin arxa plana keçməsi dayanır.
Onun fikrincə, bu tendensiya gələcək üçün ciddi risklər yaradır:
"Biz faktiki olaraq milli-mənəvi dəyərlərimizi arxa plana atmışıq. Uşaqlar tam sərbəst şəkildə, nəzarətsiz böyüyür, virtual aləmin təsiri altına düşür. Etika qaydaları, əxlaq, məsuliyyət hissi getdikcə zəifləyir, hətta bəzi hallarda gülünc hesab olunur. Bu isə cəmiyyət üçün çox ciddi təhlükədir.
Artıq vəziyyət o həddə çatıb ki, bunun qarşısını almaq üçün inzibati tədbirlər gücləndirilməlidir. Həm real həyatda, həm də virtual mühitdə bu cür davranışlara qarşı sərt cəzalar tətbiq olunmalıdır. Hər kəs törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Eyni zamanda, uşaqların davranışına görə valideynlərin də məsuliyyətə cəlb olunması vacibdir ki, bu, digərləri üçün də dərs olsun".








