İmtahanda ən yüksək bal toplayan Muhammedali: Yüksək bal toplayacağıma inanırdım - EKSKLUZİV
Xəbər verdiyimiz kimi bu gün Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahannın nəticələrinə əsasən, 3 nəfər maksimum - 300 bal toplayıb.
Onlardan biri də 289 saylı orta məktəbin ("Zəngi" liseyi) şagirdi Qurbanov Muhammedali Əhməd oğludur.
1news.az-ın suallarını cavablandıran Muhammedali bildirib ki, o, 10-cu sinifdən repetitor yanına hazırlığa getməyə başlayıb.
“Mən keçilən məlumatları daim təkrar edir və mütəmadi şəkildə oxuyurdum. İmtahana bir ay qalmış daha da intensiv hazırlaşmağa başladım. Gecə-gündüz hazırlıqla məşğul oldum və bu da yüksək nəticə əldə etməyimə səbəb oldu.
O, qeyd edib ki, hazırlıq dövründə telefon və kompüter oyunlarından istifadə edib.
“Ancaq mən özümə müəyyən məhdudiyyət qoymuşdum. Gündəlik olaraq bir saatdan çox oyun oynamırdım, lakin ümumilikdə telefondan çox istifadə nəticəyə mənfi təsir edir. Telefon vaxt aparır, dərslər ikinci plana düşür. Ona görə də bu məsələyə xüsusi diqqət edirdim ki, diqqətimi yayındıran heçnə olmasın”.
O əlavə edib ki, sınaq imtahanlarının əvvəlində yüksək bal toplayacağına inanmırmış, lakin sonuncu DİM-in sınaq imtahanında 294 bal toplayıb və bunun ona əsas imtahanda 300 bal toplamağa inam verdiyini bildirib.
Şagird vurğulayıb ki, onun bu nəticəni toplamasında məktəbin də rolu böyük olub.
“Müəllimlərin əməyi və peşəkarlığı nəticəsinə ciddi təsir göstərib..
O həmçinin bildirib ki, qrup imtahanında da yüksək nəticə əldə edəcəyinə inanır.
“Var gücümlə hazırlaşıram, inanıram ki, digər imtahanda da yüksək nəticə əldə edəcəyəm.
Digər abituriyentlərə də tövsiyə verən Muhammedali deyib ki, tövsiyəsi mütəmadi oxumaqdır: “İmtahanda yüksək nəticə toplamaq üçün diqqəti cəmləyib yaxşı hazırlaşmaq lazımdır. Çünki imtahanda bundan başqa heç nə rol oynamır. Sadəcə çalışsınlar və oxusunlar”.
Sonda o qeyd edib ki, 4-cü qrup üzrə imtahan verir və gələcəkdə həkim olmaq istəyir.












