İran XİN başçısı Ərakçi danışıqlar üçün Pakistana gedir | 1news.az | Xəbərlər
Cəmiyyət

İran XİN başçısı Ərakçi danışıqlar üçün Pakistana gedir

Oksana Orucova16:19 - Bu gün
İran XİN başçısı Ərakçi danışıqlar üçün Pakistana gedir

İranın xarici işlər naziri Abbas Ərakçinin ABŞ ilə İran arasında aparılması nəzərdə tutulan danışıqlar çərçivəsində Pakistanın paytaxtı İslamabada səfər edəcəyi gözlənilir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan hökumət mənbələrinin məlumatına görə, Ərakçi kiçik nümayəndə heyəti ilə bu gecə İslamabada yola düşəcək. Səfərin nəticəsi olaraq ABŞ ilə sülh danışıqlarının keçirilməsi ehtimal olunur.

Məlumata əsasən, İslamabadda təhlükəsizlik və diplomatik hazırlıq işləri davam edir. Mənbələr bildirir ki, ABŞ-yə məxsus logistika və təhlükəsizlik qrupu mümkün görüşlər öncəsi artıq şəhərə çatıb.

ABŞ-nin CNN televiziya kanalı da İranın danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərəcəyini açıqlayıb.

Daha əvvəl “İslamabad danışıqları” kimi tanınan təmaslar Pakistanın vasitəçiliyi ilə hər iki tərəfdən yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilmişdi. Lakin nüvə proqramı və regional təhlükəsizlik kimi əsas məsələlərdə razılıq əldə olunmamışdı.

Rəsmi şəxslər Vaşinqton və Tehran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə diplomatik təmasların yenidən aktivləşdirilməsini nəzərdən keçirir.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər