Uşaqlar üçün sosial şəbəkə məhdudiyyəti: “Valideyn nəzarəti və maarifləndirmə olmalıdır” - ŞƏRH
Xəbər verdiyimiz kimi, Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qoyulub.
Bu barədə layihə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunaraq qüvvəyə minib. Sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra 15 yaşından kiçik şəxslər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər. Bundan başqa, valideynlərin uşaqların ekran vaxtına və onlayn xərclərinə nəzarət etmək imkanları olacaq.
Qanun rəsmən dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.
Buna bənzər qanun bir sıra Avropa ölkələrində də qəbul olunub. Türkiyədə qəbul olunması isə son baş verən məktəb hücumları dövrünə təsadüf edib.
Azərbaycanda da son zamanlar məktəblərin qalmaqalla gündəmə gəlməsi, bir müddət əvvəl Bakıda yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdinin müəllimi güllələməsi bu məsələnin ölkəmizdə də geniş müzakirəsinə səbəb olur.
Ölkəmizdə də uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin fevralın 27-də imzaladığı Sərəncamda bu sahə ilə bağlı vacib məsələlər, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi də yer alıb. Sənəd uşaqların zərərli məzmun və təsirlərdən qorunmasını gücləndirməyə yönəlib.
Bəs bu istiqamətdə başqa hansı işlər görülməldir? Bu, problemlərin həllini tapmasına kömək olacaqmı?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, bu tip tənzimləmələr yalnız hüquqi çərçivədə deyil, eyni zamanda valideyn nəzarəti və maarifləndirmə siyasəti ilə paralel aparılmalıdır.
“Türkiyədə 15 yaşdan kiçik uşaqların zərərli rəqəmsal məzmundan qorunmasına yönəlmiş qanunvericilik təşəbbüsü qlobal miqyasda getdikcə aktuallaşan bir problemin, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının regional səviyyədə sistemli həllinə yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər. Bu təşəbbüs, ilk növbədə, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin sərtləşdirilməsi, zərərli kontentin filtrasiya mexanizmlərinin gücləndirilməsi və platformaların məsuliyyətinin artırılması kimi komponentləri ilə diqqət çəkir.
Qeyd etmək lazımdır ki, bu tip tənzimləmələrin effektivliyi yalnız hüquqi çərçivə ilə deyil, eyni zamanda texnoloji imkanlar, valideyn nəzarəti alətləri və maarifləndirmə siyasətinin paralel şəkildə həyata keçirilməsi ilə şərtlənir. Çünki rəqəmsal mühit dinamikdir və uşaqlar müxtəlif platformalar vasitəsilə məhdudiyyətləri aşmaq imkanına malikdirlər. Bu səbəbdən Türkiyənin atdığı addım real təhlükələrin qarşısının alınmasında müəyyən dərəcədə effektiv olsa da, onun uzunmüddətli nəticələri tətbiq mexanizmlərinin nə dərəcədə çevik və inklüziv olacağından asılı olacaq”.
Mehriban Vəliyeva həmçinin qeyd edib ki, Azərbaycanda da bu sahədə konkret addımlar atılmağa başlayıb:
“Azərbaycan üçün də bu istiqamətdə oxşar tənzimləmələrin gündəmdə olması tam məntiqlidir və artıq bu sahədə konkret addımlar atılmaqdadır. Belə ki, 2026-cı il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsi, xüsusilə də uşaqların zərərli informasiyadan qorunması istiqamətində dövlət siyasətinin daha da sistemləşdirilməsinə xidmət edir. Həmin sərəncam çərçivəsində aidiyyəti qurumlara normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bununla yanaşı, Milli Məclis tərəfindən qəbul edilmiş müvafiq qanun dəyişiklikləri informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və uşaqların zərərli kontentdən qorunması sahəsində hüquqi çərçivəni daha da möhkəmləndirir. Xüsusilə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, media və internet resurslarının məsuliyyətinin artırılması, həmçinin rəqəmsal platformalar üçün müəyyən öhdəliklərin müəyyən edilməsi bu istiqamətdə atılan addımlar sırasındadır.
Ümumiyyətlə, həm Türkiyədə, həm də Azərbaycanda bu sahədə atılan addımlar rəqəmsal transformasiyanın yaratdığı yeni risklərə adekvat cavab kimi qiymətləndirilə bilər. Lakin real effektivlik üçün hüquqi tənzimləmələrlə yanaşı, texnoloji həllərin tətbiqi, beynəlxalq əməkdaşlıq və cəmiyyətin bütün təbəqələrini əhatə edən maarifləndirmə siyasəti həlledici rol oynayır”.












