“Uşaqlarımız üçün qorxuruq”: 87 nömrəli məktəbin valideynləri hədə-qorxu gələn şagirdin məktəbdən çıxarılmasını istəyir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Uşaqlarımız üçün qorxuruq”: 87 nömrəli məktəbin valideynləri hədə-qorxu gələn şagirdin məktəbdən çıxarılmasını istəyir

Faiqə Məmmədova12:01 - Bu gün
“Uşaqlarımız üçün qorxuruq”: 87 nömrəli məktəbin valideynləri hədə-qorxu gələn şagirdin məktəbdən çıxarılmasını istəyir

Bakının 87 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin valideynləri 1news.az redaksiyasına müraciət ediblər.

Ciddi narahatlığa səbəb olan məsələ isə odur ki, bu yaxınlarda sosial şəbəkələrdə məktəbə və müəllim heyətinə qarşı təhdid və təhqiramiz paylaşımlar edən 15 yaşlı yeniyetmə yenidən təhsil müəssisəsinə qayıdıb.

Valideynlərin sözlərinə görə, yeniyetmə qısa müddətli saxlanıldıqdan sonra məktəbə geri qaytarılıb və sanki heç nə baş verməmiş kimi dərslərdə iştirak etməyə davam edir. Bu vəziyyət digər şagirdlərin ailələri arasında narazılıq və qorxu dalğası yaradıb.

“Biz başa düşə bilmirik, bu necə baş verə bilərdi. Artıq bir neçə gündür ki, bir çoxumuz uşaqlarımızı məktəbə göndərmirik, qorxuruq. Bu vaxt o, adi qaydada təhsilini davam etdirir. Onun məktəbdən xaric edilməsi üçün imza toplamışıq. Uşaqlarımızın sağlamlığından narahatıq. Digər ölkələrdə məktəblərdə baş verən faciəvi hadisələri nəzərə alsaq, ən pis ssenarini istisna edə bilmirik. Bəlkə də bu uşağın arxasında başqa kimsə dayanır?” – deyə valideynlərin müraciətində bildirilir.

Valideynlər şikayətlərinin nəzərə alınmasını və təhsil müəssisəsində təhlükəsizliyin təmin edilməsi üçün real addımların atılmasını tələb edirlər.

Xatırladaq ki, 2026-cı il aprelin 18-də axşam saatlarında sosial şəbəkələrdə 87 nömrəli məktəbin şagirdlərinin təhlükəsizliyinə yönəlmiş birbaşa təhdidlər və müəllimlərə qarşı təhqirlər əks olunan məlumatlar yayılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində paylaşımların müəllifi müəyyən edilib – onun həmin məktəbin 15 yaşlı şagirdi olduğu məlum olub.

Qanunvericiliyə uyğun olaraq, yeniyetmənin valideynləri profilaktik söhbət üçün polis idarəsinə dəvət olunub. Onunla bağlı toplanmış bütün materiallar icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

1news.az məsələ ilə bağlı 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə əlaqə saxlayaraq, hansı tədbirlərin görüldüyünü və yeniyetmə dərslərə başladıqdan sonra onunla psixoloq tərəfindən söhbətlərin aparılıb-aparılmadığını öyrənməyə çalışıb.

Məktəbdən bildirilib ki, hazırda məsələ ilə bağlı hər hansı açıqlama verə bilmirlər və Daxili İşlər Nazirliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməyi tövsiyə ediblər.

Biz həmçinin hüquq-mühafizə orqanlarının mövqeyini öyrənmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdik.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb. Yayılan iddialar tam və hərtərəfli araşdırılıb və nəticədə onların əsassız olduğu müəyyən edilib. Görülən tədbirlər nəticəsində paylaşımların müəllifinin həmin məktəbin 15 yaşlı şagirdi olduğu təsdiqlənib və o, saxlanılıb. Qanunvericiliyə uyğun olaraq valideynləri ilə profilaktik iş aparılıb, materiallar isə icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən komissiyaya göndərilib.

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də sorğu ünvanladıq.

Qurumdan bildirilib ki, bu məsələ ilə bağlı daha əvvəl məlumat verilib və yeni məlumat yoxdur. Bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət edilməsinin daha məqsədəuyğun olduğu qeyd olunub. Eyni zamanda vurğulanıb ki, şagirdlərin və müəllim heyətinin təhlükəsizliyi, eləcə də tədris prosesinin fasiləsizliyi daim nəzarətdə saxlanılır, valideynlər və şagirdlərlə maarifləndirici və psixoloji söhbətlər aparılır.

Son söz əvəzi…

Bu vəziyyətdə əsas sual açıq qalır – məsələ yalnız hüquqi deyil, həm də insani müstəvidə qiymətləndirilməlidir: görülən tədbirlər uşaqların özlərini həqiqətən təhlükəsiz hiss etməsi üçün kifayətdirmi?

Rəsmi qurumlar “nəzarət” və “profilaktik iş” kimi ümumi ifadələrlə kifayətləndiyi halda, valideynlər narahatlıq içində qalmaqda davam edir və qərarlarını rəsmi açıqlamalardan deyil, öz risk hisslərindən çıxış edərək verirlər – hətta uşaqlarını məktəbə göndərməkdən imtina etməyə qədər.

Aydındır ki, bu cür hadisələr yalnız formal reaksiya ilə kifayətlənməməli, eyni zamanda cəmiyyət üçün şəffaf və anlaşılan addımlarla müşayiət olunmalıdır. Hansı konkret tədbirlərin görüldüyü, onların nə dərəcədə effektiv olduğu və oxşar halların təkrarlanmasının qarşısını alıb-almayacağı barədə açıq izahatlara ehtiyac var.

1news.az redaksiyası hadisələrin inkişafını izləməkdə davam edəcək və məsul qurumlardan daha geniş mövqe gözləyir. Çünki söhbət ən vacib məsələdən – uşaqların təhlükəsizliyindən gedir.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər