Küveyt İran hücumlarından sonra hava məkanını bağladı
Küveytin Mülki Aviasiya Baş İdarəsi İranın ölkəyə yönəlmiş hücumları fonunda hava məkanının müvəqqəti olaraq bağlandığını açıqlayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun sosial media hesabında məlumat yayılıb.
Yayımlanan məlumatda bildirilib ki, ehtiyat tədbiri olaraq yerli vaxtla saat 05:50-dən etibarən ölkənin hava məkanı müvəqqəti bağlanıb. Həmçinin qeyd olunub ki, uçuşlar qüvvədə olan beynəlxalq razılaşmalar və prosedurlara uyğun şəkildə alternativ hava limanlarına yönləndirilib.
Açıqlamada, Küveytin İranın hücumlarına məruz qaldığı vurğulanaraq, bölgədə baş verən hadisələrin mülki aviasiya üçün yarada biləcəyi mümkün risklər səbəbindən bu qərarın qəbul edildiyi bildirilib.
Mülki Aviasiya Baş İdarəsi vəziyyətin aidiyyəti qurumlarla koordinasiya şəraitində yaxından izlənildiyini qeyd edib. Açıqlamada, “Riskin aradan qalxdığı müəyyən edildikdən sonra hava məkanı yenidən açılacaq və uçuşlar normal rejimdə bərpa olunacaq”,- deyilib.
Rəsmi qurumlar bölgədəki təhlükəsizlik vəziyyətini izləməyə davam edir və yeni məlumatlar əldə olunduqca ictimaiyyətə əlavə açıqlamalar veriləcəyi gözlənilir.












