“Bakıda münasib qiymətə kirayə mənzil tapmaq daha da çətinləşəcək” – Ekspert səbəbləri açıqladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bakıda münasib qiymətə kirayə mənzil tapmaq daha da çətinləşəcək” – Ekspert səbəbləri açıqladı

Oksana Orucova16:54 - Bu gün
“Bakıda münasib qiymətə kirayə mənzil tapmaq daha da çətinləşəcək” – Ekspert səbəbləri açıqladı

Son dövrlər paytaxt Bakıda kirayə mənzil bazarında qiymət artımı daha qabarıq şəkildə hiss olunmağa başlayıb.

Xüsusilə şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində kirayə haqlarının yüksəlməsi və münasib qiymətə mənzil tapmağın çətinləşməsi vətəndaşlar üçün ciddi problemə çevrilir.

Bəs qiymət artımı nə ilə bağlıdır? Bu artım nə qədər davam edəcək? Ən çox hansı ərazilərdə qiymət artımı müşahidə olunur?

Məsələ ilə bağlı 1news.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, mənzillərin kirayə qiymətləri adətən onların satış dəyərinin təxminən 0,5 faizi əsasında formalaşır.

“Mənzillərin kirayə qiymətləri adətən onların satış dəyərinin təxminən 0,5 faizi əsasında müəyyən olunur. Məsələn, satış qiyməti 100 min manat olan bir mənzilin aylıq kirayə haqqı orta hesabla 500 manat təşkil edir. Son illərdə əmlak bazarında baş verən qiymət artımları, yəni mənzillərin satış qiymətlərinin yüksəlməsi kirayə haqlarının da artmasına səbəb olub.

Digər tərəfdən, paytaxtda aparılan söküntü işləri də kirayə bazarına ciddi təsir göstərir. İstismar müddətini başa vurmuş köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin sökülməsi nəticəsində həmin ərazilərdə mövcud olan ucuz kirayə mənzillərin sayı azalır. Bu isə ümumilikdə kirayə bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır”.

Elnur Fərzəliyev

Ekspert həmçinin qeyd edib ki, sökülən binaların yerində yeni binalar inşa olunduqca bu binalardaki mənzillərin kirayə qiymətləri əvvəlkilərlə müqayisədə xeyli yüksək olur:

“Eyni zamanda, sökülən köhnə binaların yerində yeni tikililər inşa olunduqca, bu binalardakı mənzillərin kirayə qiymətləri əvvəlkilərlə müqayisədə xeyli yüksək olur. Belə ki, köhnə binalarda 500 manata kirayə verilən mənzillər yeni tikililərdə təxminən 1000 manat civarında təklif olunur.

Qeyd edilməlidir ki, Bakı şəhərinin baş planı artıq təsdiq olunub və 2040-cı ilə qədər paytaxtın bu plana uyğun inkişafı nəzərdə tutulur. Bu çərçivədə yüzlərlə köhnə çoxmənzilli yaşayış binasının və minlərlə fərdi evin sökülməsi planlaşdırılır. Bu proses isə yaxın gələcəkdə, xüsusilə aztəminatlı ailələr və tələbələr üçün münasib qiymətə kirayə mənzil tapmağı daha da çətinləşdirəcək”.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər