İndoneziyada İkinci Dünya müharibəsindən qalan sursat partlayıb: Ölənlər var
İndoneziyanın Papua bölgəsində yerləşən balıqçı kəndlərindən birində İkinci Dünya müharibəsindən qaldığı ehtimal olunan sursatın partlaması nəticəsində 5 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə kənd ərazisində baş verib. İlkin ehtimallara əsasən, partlayışa uzun illər əvvəl ərazidə qalmış hərbi sursat səbəb olub.
Papua Polis İdarəsinin sözçüsü Kahyo Sukarnito bildirib ki, partlayışın mənbəyinin böyük ehtimalla İkinci Dünya müharibəsindən qalan bomba və ya minaatan mərmisi olduğu hesab edilir.
Onun sözlərinə görə, hadisədən sonra üç nəfərin taleyi hələ də naməlum olaraq qalır. Axtarışlar zamanı bəzi insan qalıqları aşkar edilsə də, onların kimliyi hələ müəyyənləşdirilməyib.
Səlahiyyətli şəxs qeyd edib ki, itkin düşən şəxslərin axtarışı və hadisə ilə bağlı istintaq başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən il də İndoneziyada oxşar hadisə baş verib. "West Java" əyalətində ordunun məhv edilməsi nəzərdə tutulan sursatları zərərsizləşdirməyə çalışdığı zaman baş verən partlayış nəticəsində 13 nəfər, o cümlədən 9 mülki şəxs həyatını itirmişdi.












