Pakistan Baş naziri Şərifdən Trampın qərarına dəstək
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında həyata keçirilən “Azadlıq Layihəsi”nin dayandırılması qərarını dəstəkləyib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Şərif sosial media hesabında paylaşım edərək bildirib ki, Trampın bu qərarı “cəsarətli liderlik və vaxtında verilmiş mühüm addım”dır.
O qeyd edib ki, bu addım Pakistan və digər dost ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanının və vəliəhd şahzadə Məhəmməd bin Salmanın müraciətlərinə verilən müsbət cavabdır və regionda sülh, sabitlik və uzlaşmanın güclənməsinə töhfə verəcək.
Baş nazir əlavə edib ki, Pakistan münaqişələrin dialoq və diplomatiya yolu ilə həllini dəstəkləməyə sadiqdir və hazırkı prosesin uzunmüddətli sülhə gətirib çıxaracağına ümid edir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl açıqlamasında Pakistan və digər ölkələrin müraciəti, həmçinin İranla mümkün razılaşma istiqamətində irəliləyiş səbəbindən “Azadlıq Layihəsi”nin müvəqqəti dayandırıldığını bildirmişdi.












