Azərbaycanla Ermənistan arasında ticarət potensialının həcminə dair ilkin proqnozlaşdırma
Mayın 4-də İrəvanda keçirilmiş 8-ci Avropa Siyasi Birliyi Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı formatında çıxışı bu günədək beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.
Dövlət başçısının sülh prosesinin gedişi, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının iqtisadi komponenti ilə bağlı verdiyi mesajlar həm siyasi, həm də ekspert dairələrində böyük maraq doğurub.
Oxucuların diqqətinə iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadənin “Azərbaycan və Ermənistan arasında ticarət potensialının həcminin ilkin proqnozlaşdırılması” mövzusunda məqaləsini təqdim edirik. Məqalədə ekspert Ermənistan və Azərbaycan arasında iqdisadi əlaqələrinin formalaşması prosesini təhlil edir:
"Azərbaycanla Ermənistan arasında ticarət potensialının həcminə dair ilkin proqnozlaşdırma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı artıq 2026-cı ilin əvvəlindən Ermənistanla nəqliyyat və ticarət əlaqələrinin yaranması da qeyd olunmuşdur. Əlbəttə ki, Ermənistanın təcavüzkar davranışına görə iki ölkə arasında müstəqillikdən bəri heç bir iqtisadi-ticarət əlaqələrinin olmaması faktının fonunda, Azərbaycanın vətən müharibəsində qazandığı şanlı zəfərin, ardınca isə bu zəfəri bütün dünyaya qəbul etdirən uğurlu diplomatik qələbənin nəticəsi olaraq, simvolik həcmdə olsa da ticarətin baş verməsi (həm də Ermənistan tərəfi üçün təqribən elə humanitar yardım xarakterli olmaqla), öz-özlüyündə davamlı sülhə gedən yolda olduqca müsbət məqamdır.
Xüsusilə də Azərbaycan tərəfdən siyasi iradənin məhz bu yöndə olması, Ermənistan tərəfində isə Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığın yaranmasını özlərinin inkişafının mühüm şərtlərindən biri kimi qəbul edən rasional siyasi yanaşma tərəfdarlarının getdikcə çoxalması (ən azından belə olacağına ümid edirik) yeni başlayan bu trendin davamlı olacağını ehtimal etməyə əsas yaradır.
Hazırda hər iki ölkənin mətbuatında artıq ekspertlər səviyyəsində müzakirə olunur ki, bu ticarət əlaqələrinin hansı istiqamətlərdə, yəni hansı məhsullar üzrə davam və inkişaf edəcəyi gözlənilir? Mövzunun aktuallığını nəzərə alaraq hər hansı iki ölkə və ya müxtəlif ölkələr qrupu arasında ticarətin potensial həcmini qiymətləndirməyə imkan verən təhlil alətlərindən biri kimi Gravity Model of Trade metodu vasitəsilə ilkin hesablama aparmağa çalışdıq. Qeyd edək ki, müvafiq hesablama aparılarkən iki ölkə arasında “siyasi risklərin aşağı olması və etimadın mövcudluğu”, “sərhəd və gömrük rejiminin qurulduğu” və “logistikanın (dəmir yolu, boru kəmərləri və s.) işləkliyi” şərtləri qəbul edilmişdir. Müvafiq hesabalamaların mənbəyi beynəlxalq təşkilatların açıq məlumat bazalarına əsaslanır. Beləliklə, müvafiq metod vasitəsilə aparılan ilkin qiymətləndirmələrə əsasən Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin proqnozlaşdırılan potensial həcmi 400-600 milyon dollar ola bilər. Bunun təqribən 64%-nin Azərbaycandan ixrac, 36%-nin isə Ermənistandan ixrac olacağı ehtimal edilir.
Qiymətləndirməyə əsasən iki ölkə arasında ticarət əlaqələrinin məhsullar üzrə ehtimal olunan strukturu aşağıdakı kimi ola bilər:
Gravity Model of Trade metodu vasitəsilə hər bir ölkə üzrə müvafiq ixrac potensialı olan mal qruplarının və məhsulların da ehtimal olunan ilkin siyahısı müəyyən olunmuşdur. Azərbaycandan Ermənistana ehtimal olunan 270-375 milyon dollarlıq ixrac potensialının mal qrupları və məhsullar üzrə gözlənilən strukturu aşağıdakı kimidir: Enerji məhsulları (120-150 mln $) • Dizel, benzin, aviasiya yanacağı • Potensial qaz ixracı (infrastruktur olarsa) Neft-kimya və kimya məhsulları (40-60 mln $) • Polimerlər (plastik xammal) • Mineral gübrələr Tikinti materialları (50-70 mln $) • Sement, klinker • Armatur, metal konstruksiyalar Kənd təsərrüfatı və qida məhsulları (40-60 mln $) • Təzə meyvə-tərəvəz • Kartof, soğan Elektrik enerjisi (10-20 mln $) • Pik dövrlərdə qısamüddətli ixrac Digər (10-15 mln $) • Yüngül sənaye xammalı və s. Qeyd edək ki, enerji məhsulları, neft-kimya və kimya məhsulları üzrə Ermənistanın idxaldan ciddi asılılığı mövcuddur. Ermənistandan Azərbaycana ehtimal olunan 150-215 milyon dollarlıq ixrac potensialının mal qrupları və məhsullar üzrə gözlənilən strukturu isə aşağıdakı kimidir:
Metallar və mədən məhsulları (90-120 mln $) • Mis konsentratı • Molibden Qida və içkilər (30-50 mln $) • Şərab və brendi • Konserv məhsulları Yüngül sənaye (20-30 mln $) • Geyim • Ayaqqabı Digər (10-15 mln $) Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında potensial ticarət əlaqələrinin ehtimal olunan strukturuna əsasən demək olar ki, mümkün ticarətdə rəqabətdən daha çox qarşılıqlı tamamlama elementləri üstünlük təşkil edir. Yəni Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasında, habelə idxaldan asılı olduğu kimya sənayesi məhsulları (xüsusilə də gübrələrlə) təminatında mühüm rol oynaya bilər. Eyni zamanda, son dövrlər Azərbaycanda yeni inkişaf strategiyası ilə bağlı mühüm siyasi qərarın qəbul olunduğu metallurgiya sənayesinin genişləndirmə ehtiyacları üçün Ermənistandan metal xammalı idxalı müsbət rol oynaya bilər. Bunlarla yanaşı, region bazarında qida sənayesi və yüngül sənaye sahələri üzrə hər iki ölkənin rəqabət apardığı da nəzərə alınmalıdır. Əlbəttə ki, nəzəri mülahizələrə əsaslanan bu ticarət gözləntilərinin reallaşması, ilk növbədə, iki ölkə arasında davamlı sülhün əldə olunması yolunda Ermənistandan gözləntilərin reallaşmasından asılıdır".












