Pakistanda bazarda partlayış: Ölən və yaralananlar var
Pakistanın şimal-qərbində yerləşən Cənubi Vəziristan bölgəsində bazarda baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, polisin yaydığı məlumata görə, Xeybər Paxtunxva əyalətinin Vana şəhərində yerləşən bazarda əldəqayırma partlayıcı qurğu işə salınıb.
Cənubi Vəziristan polis idarəsinin rəisi Muhammad Tahir açıqlamasında, hücum zamanı avtomobili hədəfə alınan Əhmədzai tayfasının lideri də daxil olmaqla 3 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını deyib.
Tahir həmçinin hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Əhalisinin 60 faizdən çoxunu Əhmədzai tayfasının təşkil etdiyi bölgədə tayfa liderini hədəf alan hücuma görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.












