ABŞ-də dəhşətli qəza: İki hərbi təyyarə toqquşdu
ABŞ-nin Aydaho ştatında keçirilən aviaşou zamanı iki hərbi təyyarənin havada toqquşması ciddi insidentə səbəb olub.
1news.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində təyyarələrdə olan 4 ekipaj üzvü katapult sistemi vasitəsilə son anda xilas olmağı bacarıb.
Hadisə "Mountain Home" Hərbi Hava Bazası ərazisində baş verib. Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarə nümayiş uçuşu həyata keçirərkən hələlik naməlum səbəbdən havada toqquşub.
Toqquşmadan dərhal sonra hər iki təyyarədə olan ümumilikdə 4 hərbçi katapult oturacaqlarını işə salaraq təyyarəni tərk edib. Rəsmilər ekipaj üzvlərinin təhlükəsiz şəkildə yerə enə bildiyini açıqlayıblar.
ABŞ Sakit Okean Donanmasının Dəniz Aviasiya Qüvvələrinin sözçüsü, komandir Amelia Umayam hadisə ilə bağlı açıqlamasında bildirib ki, qəzaya uğrayan təyyarələr Vaşinqton ştatındakı "Whidbey" adasında yerləşən 129-cu Elektron Hücum Eskadrilyasına məxsus "EA-18G Growler" tipli döyüş təyyarələri olub.
Sözçü qeyd edib ki, təyyarələr qəza zamanı planlaşdırılmış aviaşou proqramı çərçivəsində uçuş həyata keçirirdi.
Hadisədən sonra katapult vasitəsilə xilas olan 4 ekipaj üzvü tibbi müayinədən keçirilib. Qəzanın başvermə səbəbinin müəyyənləşdirilməsi üçün hərbi qurumlar tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb.












