Mikayıl Cabbarov: “Tikililərin leqallaşdırılması məsələsinə son dərəcə ehtiyatla yanaşmaq vacibdir” | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: “Tikililərin leqallaşdırılması məsələsinə son dərəcə ehtiyatla yanaşmaq vacibdir”

Faiqə Məmmədova10:06 - Bu gün
Mikayıl Cabbarov: “Tikililərin leqallaşdırılması məsələsinə son dərəcə ehtiyatla yanaşmaq vacibdir”

“Sadə amnistiya gələcəkdə qanunsuz tikintilərin artmasına səbəb ola bilər”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dördüncü günü çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismara qəbul icazələrinin verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. Eyni zamanda, əsas şəhərsalma standartlarına cavab verən bəzi evlər və qeyri-formal yaşayış massivləri ilə bağlı müəyyən amnistiya yanaşmaları tətbiq olunub.

Mikayıl Cabbarov vurğulayıb ki, tikililərin leqallaşdırılması məsələsinə son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, plansız və nəzarətsiz tikililərə sadə amnistiyanın tətbiqi qısamüddətli perspektivdə sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli dövrdə yeni qanunsuz tikintiləri stimullaşdıra, təhlükəli binaların sayını artıra, torpaq istifadəsində pozuntulara səbəb ola, həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlara, meşə və su ehtiyatlarına, eləcə də mühüm infrastruktur zonalarına təzyiq yarada bilər.

Nazir əlavə edib ki, Azərbaycan bu məsələdə balanslaşdırılmış yanaşma seçib: bir tərəfdən vətəndaşların hüquq və sosial ehtiyacları qorunur, digər tərəfdən isə hüquqi nizam-intizam, təhlükəsizlik standartları və torpaq resurslarının məsuliyyətli idarə olunması gücləndirilir.

Çıxışı zamanı M.Cabbarov problemin iqtisadi tərəfinə də toxunaraq bildirib ki, qeyri-formal yaşayış məntəqələri və mənzil sektoru ilə bağlı kölgə iqtisadiyyatı hökumətlər üçün ciddi çağırış yaradır. O qeyd edib ki, burada bir dilemma mövcuddur: bir tərəfdən qeyri-rəsmi iqtisadi fəaliyyət var, digər tərəfdən isə sosial problemlərin həlli üçün maliyyə resurslarına ehtiyac duyulur.

Nazirin sözlərinə görə, 2019–2025-ci illəri əhatə edən məqsədyönlü islahatlar çərçivəsində Azərbaycan qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində addımlar atıb. Bu islahat nəticəsində sosial müdafiə sistemindən kənarda qalan şəxslər qeydiyyata alınaraq sosial təminat sisteminə inteqrasiya edilib və əldə olunan daxilolmalar sosial ehtiyacların qarşılanmasına yönəldilib.

Mikayıl Cabbarov bildirib ki, həyata keçirilən fiskal islahat nəticəsində məşğulluğun leqallaşdırılmasından əldə olunan daxilolmalar real ifadədə üç dəfədən çox artıb. Bu isə həmin icmaların sosial ehtiyaclarının, o cümlədən mənzil və sosial müdafiə məsələlərinin həlli üçün mühüm maliyyə mənbəyi formalaşdırıb.

Sonda nazir forum iştirakçılarına məhsuldar müzakirələr arzulayıb, Azərbaycana və Bakıya ilk dəfə gələn qonaqları şəhərlə daha yaxından tanış olmağa dəvət edib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər