Bayram günlərində sərnişin tələbatı tam qarşılanıb - AYNA rəqəmləri açıqladı
Bayram günlərində şəhərlərarası sərnişin daşımaları gücləndirilmiş rejimdə təşkil olunub.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 26-31 may tarixlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə AYNA tərəfindən nəzarət olunub.
Qeyd olunub ki, gücləndirilmiş rejimin 6 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 482 reys həyata keçirilib, nəticədə 40 783 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 170-ə yaxın reys təşkil edilib.
Bundan əlavə, bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb.
26-31 may tarixlərində bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 5 460 reys həyata keçirilib və 60 760-a yaxın sərnişin daşınıb.
Biletlərin həm avtovağzalların kassalarından, həm də “biletim.az” portalı vasitəsilə onlayn qaydada satışa çıxarıldığı vurğulanıb.
Bildirilib ki, sərnişinlərin 45%-i biletlərini məhz onlayn qaydada əldə edib. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam şəkildə qarşılanıb.












