Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Hindistandakı etnik azlıqların hüquqlarının müdafiəsini akademik müstəviyə daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Hindistandakı etnik azlıqların hüquqlarının müdafiəsini akademik müstəviyə daşıyır

Qafar Ağayev12:00 - Bu gün
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Hindistandakı etnik azlıqların hüquqlarının müdafiəsini akademik müstəviyə daşıyır

“1984-cü ildə baş vermiş Amritsar hadisələri Hindistanda etnik azlıqlara qarşı mövcud olan həqiqi münasibəti və yanaşmanı əks etdirir”.


1news.az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, Amritsar hadisələri Hindistanda etnik azlıqlara qarşı törədilən repressiya və diskriminasiya siyasəti tarixində bir dönüş nöqtəsi idi. 


“Bu hadisələrdən sonra, təəssüf ki, siqh icmasında 5 milyona yaxın insan məcbur olaraq ölkəni tərk etdi. Onlar ABŞ, Böyük Britaniya və Kanadada böyük diaspor təşkilatları quraraq öz legitim mübarizələrinə başladılar. Daha sonra bu repressiya və diskriminasiya siyasəti Hindistan hökuməti tərəfindən artıq ölkə hüdudlarından kənarda da baş tutdu. Təəssüf ki, onlar danışıqlar aparmaq yerinə, siqh icmasına qarşı transmilli repressiya siyasətini tətbiq etməyə başladılar. Sonradan isə bu təcrübə digər etnik azlıqlara və aşağı kastalarda olan insanlara da tətbiq edilməyə başladı”.
Bakı Təşəbbüs Qrupunun fəaliyyət dairəsinin genişləndiyini vurğulayan A.Abbasov qeyd edib ki, qurum yalnız siqh icması ilə məhdudlaşmır:


 “Biz keçən il – 2025-ci ildə siqh icmasının nümayəndələri ilə əməkdaşlığa başladıq. 2026-cı ildən isə dalitlərlə ilkin təmaslar quruldu və ilkin danışıqlar aparıldı. Növbəti aylarda dalitlər ilə birgə layihələrimizi ictimaiyyətə açıqlayacağıq. Dalitlər də illərdir repressiyalara və diskriminasiyaya məruz qalan etnik azlıqdır. Onların sayı təqribən 320 milyona yaxındır, amma buna baxmayaraq, Hindistan hökuməti bu günə qədər onlara qarşı diskriminasiya və repressiya aktlarını tətbiq etməkdədir”.

İmzalanacaq memorandumun əhəmiyyətinə toxunan icraçı direktor rəsmi sənədin əməkdaşlığa yeni təkan verəcəyini bildirib:
 “Siqh Beynəlxalq Federasiyası ilə Bakı Təşəbbüs Qrupu arasında imzalanacaq memorandum akademik müstəvidə qurulacaq münasibətləri tənzimləyəcək. Biz qərara gəldik ki, etnik azlıqların hüquqlarının qorunması təkcə siyasi və iqtisadi seqmentlərdə deyil, digər sahələrdə də möhkəmləndirilməlidir. Beləliklə, akademik müstəvidə həyata keçirəcəyimiz fəaliyyətləri bu memorandumla daha da gücləndirəcəyik”. 

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər