Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı - ŞƏRH

Qafar Ağayev12:09 - Bu gün
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı - ŞƏRH

“Müstəqil Azərbaycanın bugünkü uğurlarının əsasında dayanan ən mühüm tarixi hadisələrdən biri 15 İyun – Milli Qurtuluş Günüdür”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində həlledici dönüş nöqtəsidir və bu tarix müasir inkişafın əsasını təşkil edir.

“Bu tarix yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətçiliyin qorunması və xalqın rifahının təmin olunması istiqamətində atılmış həlledici addımdır. 1993-cü ildə Azərbaycan ağır siyasi böhran yaşayırdı. Dövlət idarəçiliyi zəifləmiş, iqtisadiyyat tənəzzülə uğramış, torpaqlarımız işğal altında qalmışdı. Ölkədə hökm sürən xaos və anarxiya dövlət müstəqilliyini ciddi təhlükə altına qoymuşdu. Belə bir şəraitdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yeni mərhələ başlandı. İlk növbədə ictimai-siyasi sabitlik təmin edildi”.

Deputat bildirib ki, Ulu Öndərin qayıdışı Azərbaycanda dövlət institutlarının gücləndirilməsinə və sabitliyin bərpasına yol açdı.

“Dövlət institutları gücləndirildi, qanunçuluq bərpa olundu, vətəndaşların dövlətə inamı qaytarıldı. Bu addımlar sonrakı inkişaf üçün möhkəm zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, sabitlik olmadan inkişaf mümkün deyil. Buna görə də dövlət siyasətinin əsas prioriteti kimi sabitliyin qorunması müəyyən edildi. Məhz bu siyasət nəticəsində Azərbaycan qısa müddətdə böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi həyatında dönüş yaratdı. Xarici investisiyaların cəlb olunması, enerji sektorunun inkişafı və yeni iqtisadi imkanların yaradılması Azərbaycanın gələcək inkişafını təmin etdi. Sonrakı illərdə həyata keçirilən enerji layihələri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı”.

Şahin Seyidzadə 

Millət vəkili qeyd edib ki, sabitlik və hüquqi dövlət quruculuğu ölkənin demokratik inkişafını təmin etdi.

“Sabitlik şəraitində hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Yeni Konstitusiya qəbul edildi, parlament seçkiləri keçirildi, demokratik institutların formalaşdırılması prosesi başlandı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də ordu quruculuğu idi. Güclü dövlətin güclü orduya malik olmasının vacibliyini nəzərə alaraq Silahlı Qüvvələrin inkişafı istiqamətində mühüm proqramlar həyata keçirildi. Sonrakı illərdə bu siyasət daha da gücləndirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev siyasi kursu uğurla davam etdirildi. Azərbaycanın iqtisadi gücü artdı, beynəlxalq mövqeləri möhkəmləndi, ordu quruculuğu yeni mərhələyə yüksəldi”.

Deputat bildirib ki, bu inkişaf Azərbaycanın regionda lider dövlətə çevrilməsinə imkan yaradıb.

“O bildirib ki, 2020-ci ildə Vətən Müharibəsində qazanılmış möhtəşəm Qələbə Milli Qurtuluşdan sonra həyata keçirilən siyasətin ən böyük nəticələrindən biri oldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, tarixi ədaləti bərpa etdi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın gücünü və imkanlarını nümayiş etdirir. Yeni şəhərlər salınır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil və nüfuzlu dövlətdir. Dövlətimizin iqtisadi inkişafı, siyasi sabitliyi, beynəlxalq nüfuzu və hərbi qüdrəti məhz onun müəyyən etdiyi strateji kursun nəticəsidir”.

Millət vəkili vurğulayıb ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və gələcək inkişafının əsasını təşkil edir.

“Milli Qurtuluş Günü bu baxımdan yalnız keçmişə aid tarix deyil. Bu gün həm də Azərbaycanın gələcəyinə işıq tutan, dövlətçilik ənənələrimizi möhkəmləndirən və milli birliyimizi gücləndirən mühüm tarixi hadisədir. Azərbaycan xalqı yaxşı bilir ki, 1993-cü ilin iyununda verilmiş qərarlar olmasaydı, bu gün əldə etdiyimiz uğurlar mümkün olmazdı. Dövlətçiliyin xilası, sabitliyin təmin olunması və inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz həmin dövrdə həyata keçirilmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi, iqtisadi və siyasi nailiyyətlərin davam etdirilməsi İlham Əliyev siyasətinin uğurlu nəticələridir. Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün dövlətçiliyimizin xilası, xalqımızın birliyi və müstəqilliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Hər il qeyd olunan bu əlamətdar tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. 15 İyun xalqın xilasa aparan seçim etdiyi gündür. Bu seçim Azərbaycanın sabitliyini, inkişafını və bugünkü qüdrətini təmin etmişdir. Məhz buna görə də Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin təməli və uğurlarımızın başlanğıcı kimi böyük ehtiramla qeyd olunur”.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər