İslam İnkişaf Bankı Qrupuna Daxil Olan Qurumlar Bakıda 14-cü Özəl Sektor Forumunu təşkil edib
İslam İnkişaf Bankı (İİB) Qrupuna bağlı qurumlar 16-19 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumunu (PSF) həyata keçirib.
1news.az xəbər verir ki, Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin yüksək himayəsi altında keçirilən İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində baş tutub.
Forum zamanı üzv dövlətlərdə, xüsusilə də Azərbaycan Respublikasında həm dövlət, həm də özəl sektorun potensialının gücləndirilməsinə xidmət edən İİB Qrupunun fəaliyyət və təşəbbüslərinə xüsusi diqqət yetirilmişdir.
Müzakirələr biznes sektorunun qarşısında duran aktual imkanlar və çağırışlar ətrafında cəmləşmiş, eyni zamanda, Qrupun maliyyələşdirmə xətləri, özəl sektorun maliyyələşdirilməsi, ticarətin inkişafına dəstək, investisiyaların sığortalanması və ixracın kreditləşdirilməsi mexanizmləri də daxil olmaqla, geniş maliyyə alətləri portfeli iştirakçıların diqqətinə çatdırılmışdır.
Forumun gündəliyi mühüm iqtisadi mövzuları və inkişaf layihələrini əhatə edən silsilə dialoq sessiyaları ilə zəngin olmuşdur. İştirakçılar, həmçinin ticarət və investisiya imkanlarına dair genişmiqyaslı təqdimatları izləmişlər. Bundan əlavə, dövlət və özəl sektor nümayəndələri arasında keçirilən ikitərəfli görüşlər (B2B və B2G) işgüzar əlaqələrin qurulmasına, strateji tərəfdaşlıqlara, qabaqcıl təcrübə mübadiləsinə və uğurlu layihələrin təşviqinə əlverişli zəmin yaratmışdır.
Dialoq sessiyaları ilə yanaşı, forum çərçivəsində qlobal halal iqtisadiyyat sahəsində formalaşan yeni imkan və çağırışları müzakirə etmək məqsədilə siyasətçiləri, sənaye liderlərini və ekspertləri bir araya gətirən "Halal İqtisadiyyat Liderlik Forumu" da təşkil olunmuşdur. Tədbirdə həmçinin üzv ölkələri təmsil edən innovativ sahibkarların öz unikal həll yollarını investorlar, inkişaf institutları və biznes rəhbərləri qarşısında nümayiş etdirmələri üçün əhəmiyyətli platforma rolunu oynayan "İİB Qrupunun Startap Müsabiqəsi" keçirilmişdir. Sahibkarlıq, innovasiya, investisiya, ticarət və özəl sektorun inkişafı sahələrindəki müstəsna nailiyyətlərin qeyd olunduğu xüsusi mükafatlandırma mərasimində startap müsabiqəsinin və "Özəl Sektor Forumu Mükafatları"nın qalibləri təltif edilmişdir.
Forum Azərbaycan hökumətinin rəsmilərini, yerli, regional və beynəlxalq özəl şirkətlərin prezidentləri və icraçı direktorlarını, investorları, iş adamlarını, ticarət və sənaye palatalarının, ticarət və investisiyaların təşviqi qurumlarının, eləcə də regional və beynəlxalq maliyyə və inkişaf institutlarının yüksəksəviyyəli nümayəndələrini bir araya gətirərək böyük iştirakçı kütləsi toplamışdır.
Açılış nitqi ilə çıxış edən İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayil Сabbarov forum iştirakçılarını salamlayaraq bildirmişdir: “Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə tərəfdaşlığı yüksək qiymətləndirir və üzv ölkələrlə ticarət, biznes və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə önəm verir. Ölkəmiz Avropa və Asiya arasındakı strateji mövqeyindən istifadə edərək müasir nəqliyyat infrastrukturu və iqtisadi şaxələndirmə istiqamətində səyləri sayəsində regional bağlantılar və dayanıqlı inkişaf üçün mühüm platforma rolunu oynayır. Ölkənin investisiya potensialının İİB Qrupunun maliyyə imkanları, qlobal təcrübəsi və geniş şəbəkəsi ilə birləşdirilməsi iqtisadi inkişafı irəli aparan və region üzrə uzunmüddətli faydalar təmin edən təsirli layihələr üçün yeni imkanlar açır.”
Nazir qeyd edib ki, İslam İnkişaf Bankının Toplantıları çərçivəsində dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32-dən çox saziş və anlaşma memorandumunun imzalanması gözlənilir.
İslam İnkişaf Bankı Qrupunun sədri Zati-aliləri Dr. Məhəmməd Əl-Casir forum iştirakçılarına müraciət edərək bildirmişdir: “İslam İnkişaf Bankı Qrupu olaraq biz qəti şəkildə inanırıq ki, özəl sektor inkişaf prosesinin yardımçı elementi deyil, onun əsas hərəkətverici qüvvəsidir. Bizim bu prosesdəki missiyamız aydındır: maneələri aradan qaldırmaq, riskləri minimuma endirmək və yeni imkanlara qapı açmaq. Biz maliyyə resurslarının səfərbər edilməsi, risklərin azaldılması, o cümlədən inklüziv, dayanıqlı və davamlı inkişafa təkan verən ticarət və investisiya mühitinin yaradılması istiqamətində etibarlı tərəfdaş kimi fəaliyyətimizi davam etdirəcəyik.”
İcraçı direktorların sessiyası zamanı İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Baş icraçı direktoru, eyni zamanda Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) müvəqqəti Baş icraçı direktoru Dr. Xalid Yusif Xələfalla çıxış edərək qeyd etmişdir: “Özəl Sektor Forumu həm dövlət, həm də özəl sektoru təmsil edən nüfuzlu tərəfdaşların bir araya gəlməsinə şahidlik etdi. Dayanıqlı maliyyələşdirmə kəsirini aradan qaldırmaq, birgə maliyyələşdirmə perspektivləri təqdim etmək və dayanıqlı inkişafın qarşıya qoyduğu çağırışlara innovativ həll yolları tapmaq məqsədilə özəl sektor tərəfdaşlarımızın, habelə digər maliyyə institutlarının səylərini birləşdirməyə çalışdığımız bir vaxtda dayanıqlılıq və inkişaf missiyamızın mərkəzində dayanır. Bu kontekstdə, ICD olaraq, maliyyə institutlarına və iri korporasiyalara səmərəli maliyyə həlləri təqdim etməklə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin optimal maliyyə resurslarına çıxışını asanlaşdırmaqla özəl sektorun inkişafına verdiyimiz töhfələrdən qürur duyuruq. Biz həmçinin inkişaf potensialını gücləndirən, transsərhəd investisiyaları təşviq edən, üzv dövlətlərin ixrac imkanlarını dəstəkləyən və yeni iş yerlərinin açılmasına şərait yaradan infrastruktur layihələrini maliyyələşdirməyə davam edirik. Hazırda ICD-nin məcmu təsdiqlənmiş maliyyələşdirmə portfeli təxminən 7,1 milyard ABŞ dollarına çatmışdır. Ötən il ərzində kiçik və orta müəssisələrə yönəldilən ümumi maliyyə vəsaitinin həcmi 661,9 milyon ABŞ dolları təşkil etmişdir. ICD tərəfindən dəstəklənən qurumlarda ümumilikdə 178988 nəfər işlə təmin olunmuşdur”.
O, həmçinin vurğulamışdır: "Təsis edildiyi tarixdən 2025-ci ilin sonunadək ICIEC 139 milyard ABŞ dollarını ötən məcmu sığorta təminatı təqdim etmişdir. Bunun 108 milyard dolları ticarət dövriyyələrinin dəstəklənməsinə, 31 milyard dollardan çox qismi isə üzv dövlətlərdə xarici investisiyaların təşviqinə yönəldilmişdir. Həmin məbləğin 66 milyard ABŞ dollarından çoxu İƏT məkanında daxili ticarət və investisiyaların payına düşür ki, bu da ICIEC-in üzv ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsindəki rolunun bariz göstəricisidir. Təkcə 2025-ci ildə ICIEC İslam ticarəti və investisiya maliyyələşdirilməsi üzrə 1,9 milyard ABŞ dolları həcmində əməliyyatların həyata keçirilməsinə şərait yaratmış, 294 mindən çox iş yerinə dəstək göstərmiş və təxminən 6 min kiçik və orta müəssisəni əhatə etmişdir. Şəriət prinsiplərinə uyğun kredit və siyasi risklərin sığortalanması həlləri vasitəsilə ICIEC kapitalın səfərbər olunması, risklərin azaldılması və strateji sektorlar üzrə dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir”.
Öz növbəsində, Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) icraçı direktoru mühəndis Ədib Əl-Aama qeyd etmişdir: "Özəl Sektor Forumunun 14-cü buraxılışı özəl sektorun üzv dövlətlərdə iqtisadi artımın təşviq edilməsi, məşğulluğun yaradılması və yoxsulluğun azaldılmasında oynadığı həlledici rolu bir daha təsdiqlədi. Biznes investorlarının fəal iştirakı müzakirələri əhəmiyyətli dərəcədə zənginləşdirmiş, iqtisadi dayanıqlığın və biznes dinamikasının artırılmasına yönəlmiş müştərək səylərə güclü təkan vermişdir".
O, əlavə etmişdir: "2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri ITFC, İƏT-ə üzv dövlətlərə 96 milyard ABŞ dollarından çox ticarət maliyyələşdirməsi ayıraraq regionda ticarət həlləri üzrə aparıcı təminatçıya çevrilmişdir. Həmin məbləğin 20 milyard dolları özəl sektorun və kiçik və orta müəssisələrin dəstəklənməsinə yönəldilmişdir. Maliyyə dəstəyi, texniki yardım və potensialın gücləndirilməsi tədbirləri vasitəsilə bu müəssisələrin regional və beynəlxalq bazarlara çıxışı genişləndirilmişdir. Təkcə 2025-ci il ərzində ITFC 9,3 milyard ABŞ dolları dəyərində ticarət maliyyələşdirməsini təsdiqləmiş və üzv ölkələr üzrə 7,5 milyard ABŞ dolları həcmində vəsait ayırmışdır. Korporasiya öz əməliyyatları çərçivəsində 123396 iş yerini dəstəkləmiş, 546 korporasiya və kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışını təmin etmiş, habelə İƏT daxilində 7,8 milyard ABŞ dolları həcmində ticarət maliyyələşdirilməsi həyata keçirilmişdir. Bu nəticələr ITFC-nin özəl sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və İƏT-ə üzv dövlətlər üzrə dayanıqlı iqtisadi inkişafın təşviq edilməsi prosesinə qəti sadiqliyinin əyani təcəssümüdür".












