Operativlik, şəffaflıq və rəsmiləşdirmə prosesləri: Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən REPORTAJ
İyunun 19-da Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələri üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.
1news.az-ın mediaturda iştirak edən müxbiri xəbər verir ki, tədbir gömrük sistemində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və təkmilləşdirmələr, eləcə də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili, şəffaflığın artırılması və operativliyin yüksəldilməsi istiqamətində görülən işlər barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində təşkil edilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, risklərin idarə olunması və gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin baş idarənin fəaliyyəti və həyata keçirilən nəzarət mexanizmləri barədə ətraflı məlumat təqdim olunub.
Tədbir zamanı media nümayəndələrinə idarənin fəaliyyəti, gömrük nəzarəti və rəsmiləşdirilmə proseslərinin müxtəlif mərhələləri, eləcə də rəqəmsal həllərin tətbiqi ilə işin daha da sürətləndirilməsi əyani şəkildə nümayiş etdirilib.
Mediatur çərçivəsində çıxış edən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov bildirib ki, 2026-cı ilin 1 yanvar tarixindən bu günədək idarənin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 1072 hüquqpozma faktı aşkar edilib.
Onun sözlərinə görə, müəyyən olunan hüquqpozmaların 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir.
“2026-cı ilin 1 yanvar tarixindən bu günədək cinayət xarakterli faktlar arasında məcburi nişanlanmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlı 3 fakt, həmçinin gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaşların aşkarlanması ilə bağlı 1 fakt yer alıb. Bundan başqa, 73 min 840 ədəd nişanlanmamış siqaretin aşkarlanması ilə bağlı da faktlar qeydə alınıb.
Gömrük qaydalarının pozulması ilə əlaqədar baxılmış işlər üzrə təqsirkar fiziki şəxslərə ümumilikdə 97 min 169,80 manat məbləğində cərimə tətbiq edilib. Bunun 81 min 146,35 manatının ödənilməsi təmin olunub, 64 fakt üzrə materiallar isə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”, - deyə O.Sultanov qeyd edib.
Daha sonra Azərterminal Kompleks Birliyinin Bakı şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı İlknur Əliyev elektron gömrük bəyannamələrinin emalı prosesi barədə geniş məlumat verib.
Onun sözlərinə görə, elektron qaydada təqdim edilən gömrük bəyannamələri və müşayiətedici sənədlər yoxlanıldıqdan sonra risk müəyyən edilmədiyi halda qısa müddətdə buraxılışa yönləndirilir və bu, sahibkarlar üçün vaxt itkisinin minimuma endirilməsinə imkan yaradır.
“Buraxılış qərarı verildikdən sonra sahibkara elektron sistem üzərindən müvafiq məlumat çatdırılır. Bundan sonra sahibkar malların gömrük rəsmiləşdirilməsini tamamlayaraq onların sərbəst dövriyyəyə buraxılmasını təmin edə bilir”, - deyə İ.Əliyev vurğulayıb.
Təhlükəsizlik tədbirləri və nəqliyyat vasitələrinin texniki yoxlanılması prosesi barədə məlumat verən ekspertiza və inspeksiya xidmətini göstərən qurumun nümayəndəsi Kamran Məmmədov isə bildirib ki, idxal olunan nəqliyyat vasitələrinin Avro-4 ekoloji standartına uyğunluğu, təhlükəsizlik sistemləri və texniki göstəriciləri xüsusi yoxlama prosedurları ilə qiymətləndirilir.
“Avtomobillərdə ABS əyləc sistemi və hava yastıqlarının mövcudluğu fiziki baxış zamanı təsdiqləndikdən sonra nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsi verilir və onlar sonrakı gömrük rəsmiləşdirilməsi mərhələsinə yönləndirilir”.
Mediatur iştirakçıları daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Mərkəzin şöbə rəisi, gömrük xidməti polkovniki Cavanşir Aslanov jurnalistlərə bildirib ki, yük nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi onların gömrük ərazisinə daxil olması ilə başlayır və hər mərhələdə sənədlərin dəqiqliyi xüsusi diqqətlə yoxlanılır.
“Sənədlərdə hər hansı uyğunsuzluq aşkar edilmədikdə yük rəsmiləşdirmə prosedurlarına yönləndirilir. Gömrük bəyannaməsi hazırlandıqdan sonra sənədlər yenidən yoxlanılır. Nöqsan aşkarlanmadığı halda bəyannamə təsdiqlənir, sənədlər arxivləşdirilir və nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi prosesi yekunlaşdırılır”, - deyə C.Aslanov bildirib.
Tədbir çərçivəsində media nümayəndələri bəyanetmə prosesi, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər. Onlara həmçinin rəqəmsallaşma nəticəsində prosedurların daha şəffaf və operativ formada icra edildiyi barədə məlumat verilib.
Jurnalistlərə bildirilib ki, sahibkarlara və fiziki şəxslərə xidmətlər operativ şəkildə göstərilir, gömrük ödənişləri isə nağdsız formada banklar və ya internet üzərindən həyata keçirilir ki, bu da proseslərin sürətini və şəffaflığını artırır.
Mediatur zamanı media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsi ilə bağlı da geniş seminar keçirilib.
Qeyd olunub ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin daha səmərəli idarə olunmasına, məlumatların unifikasiyası və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, həmçinin vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır və ümumi gömrük proseslərinin daha modern şəkildə təşkilinə xidmət edir.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.



























