“Adıçka, məni bağışla...” - Bülbülün son nəfəsini verdiyi evdən REPORTAJ
Yazıçı Anar “İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar – fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar” - deyir “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanında.
Zaman keçir, illər bir-birini təqib edir, bir nəslin yerinə qeyrisi gəlir. İnsanlar dünyadan köçüb getsə də, səsləri, baxışları, simaları və nişanələri könüllərdən heç vaxt tamamilə itib getmir. Bəzən köhnə bir əşya, bəzən bir nəğmə, yaxud bir qoxu insanı keçmişin ağuşuna atır, unudulmuş sanılan xəyallar yenidən zühur edir. Gah darıxır, həsrət çəkir, gah da o xatiratın verdiyi məlhəmlə təsəlli tapırıq. Bəzən də özgələrin xatiratı ilə qədim zamanlara səfər edərik. Görmədiyimiz, yaşamadığımız dövrlərin belə nisgilini könlümüzdə duyuruq. Xülasə, keçmiş əsla tamam yox olmaz, o, yaddaşın dərinliyində səssizcə yaşayar və özünü xatırlatmağa bir bəhanə tapar. Buna görə də muzeylər yalnız qədim əşyaların cəm olunduğu məkan deyil, zamanın və xatiratın sükut içində yaşadığı məbədlərdir. Bu xatirələrlə dolu məbədlərdən biri də Bülbülün Memorial Muzeyidir. Bakıda yerləşən bu məkana qədəm qoyanlar yalnız qədim əşya və yadigarlar görmürlər, həm də bir dövrün ruhunu, bir sənət ömrünün səssiz avazını duyub hiss edirlər.
1982-ci ildə yaradılan muzey özündən də qocaman xatirə və eksponatları mühafizə edir. Nostalgiya dolu otaqlarda addımlayarkən keçmişin dolanbaclı yollarında itməmək üçün bizə yoldaşlıq edən bələdçimiz Mehriban Qasımova köməyimizə çatır.
“Əsl adı Murtuza, soyadı Məmmədovdur. Bülbül dünyaya gələndə çox aydın bir gecə olub. Anası onun adını Aydınlıq qoymaq istəyib. Amma atası onun adını Murtuza qoyur. Lakin tale elə gətirir ki, Bülbül xalqın qoyduğu adla gedir. Şuşada evlərinin həyətlərindəki ağacda əyləşib bülbül kimi cəh-cəh vururdu. Hələ 8 yaşında ikən ustalıqla bülbülləri təqlid edirdi, ona görə də xalq ona Bülbül adı vermişdi”.
Səyahətimiz bir qədər mistik ab-havası olan yataq otağından başlayır. Bələdçimizin sözlərinə görə, otağın quruluşu Bülbülün sağlığında olduğu kimi qorunub saxlanıb.
“Bu mebeli Bülbül şəxsi sifarişi ilə Almaniyadan gətirib. Onun hazırlanmasında heç bir mismardan istifadə olunmayıb, bir-birinə keçmə üsulu ilə düzəldilib. Üzərində Faust əsərindən personajlar - Mefistofel təsvir olunub. Yatağın yanında gecə lampası və ətir qabı da var.
Həmişə Bülbülün evi qonaq-qaralı olurmuş. Elə 1961-ci il sentyabr ayının 26-da gecə də qonaqları olub. Bülbülün bir adəti var imiş. “Gecən xeyrə qalsın” sözünü italyanca deyirmiş. Qonaqları yola saldıqdan sonra ailə üzvlərinə italyanca “gecən xeyrə qalsın” deyir və yataq otağına gəlir. Lakin özünü yaxşı hiss etmir, ürəyi sıxılır. Yataq otağından eyvana çıxış var idi. Çıxıb eyvanda əyləşir. Hələ də özünü pis hiss edir. Həkim çağırırlar. Həkim gəlib deyir ki, artıq çox gecdir, Bülbül rəhmətə gedir. O, həyat yoldaşı Adelaida xanıma həmişə “Adıçka” deyirmiş. Deyib ki, Adıçka, məni bağışla, mən artıq gedirəm. Gecə 01:20-də dünyasını dəyişir. Deyilənə görə, Bülbül vəfat edən anlarda həyat yoldaşı çox böyük bir harayla qışqırıb. Hətta onun səsini çox uzaqdan eşidib tanıyanlar olub”.
Bir tərəfdən diqqətlə ətrafı nəzərdən keçirir, bir tərəfdən isə bələdçimizi dinləyirik.
“Bülbül İtaliyada təhsil alan ilk Azərbaycanlı tələbədir. Kişilər arasında Azərbaycan profesional vokal sənətinin banisidir. 1927-ci ildə Bakı Konservatoriyasını uğurla bitirir və İtaliyanın Milan şəhərində göndərilir. Dörd il orada vakal üzrə Raffaele Qrani və Cüzeppe Anselmi kimi pedaqoqlardan dərs alır.
Bu isə muzeyin İtaliya ilə bağlı olan vitrinidir ki, mərkəzdə xarici pasport, Arturo Toskaninin konsert proqramı, daimi tramvay bileti, müəllimi Raffaele Qraninin məktubları, vizit vərəqəsi və digər sənədlərdir. Bundan əlavə, muzeydə çox nadir eksonatlardan biri də bu jurnaldır. Həmin jurnalda Bülbül haqqında böyük bir məqalə dərc olunub. Məqalədə deyilir ki, Bülbül Şərq aləminə gəlmiş ilk müsəlmandır ki, iki məktəbi birləşdirərək belə bir unikal sənət ortalığa çıxartmışdır.
Bülbülün sağlığında onun evinə qonaq gələn adlı-sanlı gənc şairlər, yazıçılar, bəstəkarlar var idi. Onların şəkilləri, notları və kitabları qonaq otağında nümayiş olunur. Həmin qonaqlar üzərində öz ürək sözlərini yazıb Bülbülə bağışlayıblar. Bu hədiyələr eksponat kimi qorunur”.
“Üçüncü otaq Bülbülün iş otağı olmuşdur”, - deyə Mehriban xanım həzin səsi ilə bizi sənətkarın dünyasına yaxınlaşdırmağa davam edir.
“O vaxtının əsas əksəriyyətini bu otaqda keçirirdi. Bu gördüyünüz Edison fonoqrafıdır. Bülbül bunu 1932-ci ildə Sankt-Peterburqdan gətirib. Qeyd edim ki, bu, unikal bir alətdir, yəni çox nadir bir eksponat sayılır. Belə ki, bülbül eksponat vasitəsilə Cabbar Qaryağdıoğlu və Qurban Pirimov kimi sənətkarların səsini qeydə alıb. Valı “fono val” adlanır və arı mumundan hazırlanır.
Bu isə otuzuncu illərdə hökumət tərəfindən Bülbülə bağışlanmış pianinodur. Fikrət Əmirovun “Şur” və “Kürd-Ovşarı” əsərlərini məhz bu pianinoda yaradılmışdır”.
“O isə Bülbülün şəxsi yazı masasıdır. Üzərində əl yazması, təsbehi, eynəyi, saatı və digər əşyaları qorunub saxlanır. Bu sülh göyərçinini Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Camal Əbdül Nasir ona bağışlayıb. Alüminium parçasını isə Sumqayıtda Alüminium zavodunun fəhlələri bağışlayıb.
“Bülbül SSR və İtaliya arasında dostluq münasibətlərini yüksək səviyyədə qurduğuna görə Haribaldı Ulduzu ilə təltif olunmuşdur. Mənası odur ki, ulduzu olan əsgər parad zamanı generaldan öndə gedə bilir.
Digər tərəfdə isə Bülbülün kitabxanasıdır. Bir tərəfdə özünün oxuduğu elmi və bədii ədəbiyyatlar, digər tərəfdə isə sovet ensklopediyasının bütün cildləridir. Önünüzdəki saat tələbələri tərəfindən hədiyə olunub. Dahi şəxsiyyətin ölüm anından etibarən dayandırılıb”.
“Bülbülün iştirakı ilə “Şeyx Sənan” və “Əsli və Kərəm” operalarının proqramlarını görürsünüz. Bu proqramlar çox qədim proqramlardır - 1920-1922-ci illərə aiddir. Qeyd edim ki, Bülbül həm SSR Xalq Artisti, həm də “Stalin” mükafatı laureatıdır”.
O, ilk dəfə İtaliyadan qayıtdıqdan sonra bəstəkar Cüzeppe Verdinin Riqoletta operasında hersoq rolunda çıxış edib. Eyni zamanda, Bülbül Koroğlu obrazının mahir ifaçısı olub. Bu obrazda təxminən 400 dəfədən çox çıxış edib. Bu isə 400-cü çıxışının proqramıdır. Həmçinin Bülbül “Xosrov və Şirin”də Fərhad rolunda, “Arşın mal alan”da Əsgər rolunda çıxış edib. Bundan əlavə, Bülbül Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında Nizami obrazını çox gözəl ifa etmişdir”.
“Bu isə onun 40 il opera səhnəsində istifadə etdiyi qrim ləvazimatları və kiçik çamadanıdır”.
“Bülbül İkinci Dünya müharibəsi illərində də fəaliyyət göstərir, arxa cəbhədə əsgərlərə konsert verir, onlarla görüşürdü. O, Dövlət Müdafiə Fonduna öz şəxsi vəsaitindən müəyyən bir məbləğ bağışlamışdır. Bu humanist adımına görə Stalin ona iki dəfə təşəkkür teleqramı göndərib.
Bülbül ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovla Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasında Aslan rolunu ifa edib.
O, 1937-ci ildən 1961-ci ilə qədər Azərbaycan SSR-nin bütün çağırışlarının deputatı olmuşdur. Bunlar onun deputat vəsiqələri, orden və medalları, iki “Lenin” ordeni, “Qırmızı əmək bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə” və Moskvanın bünövrəsini qoyan “Yuri Dolqoruki” medallarıdır”.
“Sonuncu vitrin Bülbülün vəfatı ilə bağlıdır. Bülbül 1961-ci sentyabr ayının 26-sında bu mənzildə dünyasını dəyişib. Vəfatından sonra mənzilin yerləşdiyi prospektə, Şuşa şəhərindəki evinin yerləşdiyi küçəyə, eyni zamanda, Bakıdakı xüsusi musiqi məktəbinə Bülbülün adı verilmişdir. Bülbül Birinci Fəxri Xiyabanda dəfn olunub. Məzarüstü abidəsinin müəllifi heykəltaraş Tokay Məmmədovdur. Bülbülün həyat yoldaşı Adelaida Məmmədovanın onun haqqında yazdığı kitablar da burada nümayiş olunur”.
“Bu isə Bülbülün adını daşıyan tankerdir. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsumova məxsus tankerlərdən biridir”.
“Polad Bülbüloğlu Şuşa işğal altında olduğu olan vaxtlarda bir neçə nəfər nümayəndə heyəti ilə oraya getmişdi. O, Şuşadan torpaq gətirmiş və həmin torpağı gətirib muzeyə vermişdi. O vaxtdan bəri həmin torpaq eksponat kimi qorunub saxlanır”.
“Həmin dövrlərdə bir çox evlərdə bu radiodan görmək olardı. Şəkildə gördüyünüz kimi Bülbül məhz bu radionun qarşısında əyləşib, əlində tutduğu jurnal da hazırda muzeyimizdə qorunur. Üzərində kosmonavt Yuri Qaqarinin şəkli olan “Oqonyok” jurnalıdır”.
Beləliklə, muzeydəki ziyarətimiz başa çatır. 1937-ci ildən ömrünün son gününə qədər - 1961-ci ilədək Bülbülün xoş avazı, addım səsləri eşidilən bu evlə vidalaşırıq. Lakin burada keçirdiyimiz vaxt göstərdi ki, onun sənət yolu və yaratdığı musiqi dünyası hələ də bu evin hər guşəsində yaşayır.













