Fərhad Məmmədov: Fransa böyük güc olsa da, Azərbaycana qarşı istədiyi nəticəni əldə edə bilmir
“Böyük gücə “yox” demək bacarığı “orta güc”ün əsas xüsusiyyətlərindən biridir”.
1news.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda çıxışı zamanı deyib.
“ “Hə” demək asandır, çünki bu zaman imtiyazlar əldə etmək mümkündür. Amma böyük gücə ‘yox’ demək və bu mövqedə qalmaq artıq güc göstəricisidir. Azərbaycan bunu 2008-2009-cu illərdə Ermənistan-Türkiyə normallaşma prosesi zamanı, Rusiyanın KTMT və Avrasiya İqtisadi İttifaqı ilə bağlı təşəbbüsləri fonunda nümayiş etdirib. 2020-ci ildən sonra isə bu yanaşma daha açıq şəkildə görünür”.
Ekspert qeyd edib ki, böyük güclərin imkanları hər zaman istənilən nəticəni təmin etmir:
“Fransa böyük gücdür – BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə silahına malikdir, güclü hərbi-sənaye potensialına sahibdir. Amma buna baxmayaraq, bütün imkanlarını səfərbər etsə də, Azərbaycana qarşı istədiyi nəticəni əldə edə bilmir. Bu isə onu göstərir ki, əgər dövlət böyük gücə qarşı ‘yox’ demək və bu mövqeyi qorumaq qabiliyyətinə malikdirsə, artıq orta güc kimi çıxış edə bilər”.
F.Məmmədov vurğulayıb ki, müstəqil qərarvermə qabiliyyəti bu kontekstdə əsas meyarlardan biridir:
“Ərazi, əhali və ya digər göstəricilər vacibdir, lakin bu gün əsas məsələ müstəqil siyasət yürütmək və milli maraqları qorumaqdır”.












