Vüsal Qurbanov: icbari sığorta qaydalarında dəyişikliklər üzərində işlər görülür
“Hazırda ölkədə bir sıra icbari sığorta növlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir”
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Vüsal Qurbanov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər əsasən icbari fərdi qəza sığortasını əhatə edəcək.
“Biz həm beynəlxalq təcrübəni araşdırırıq, həm də bu məqamları hazırlanmaqda olan konsepsiya çərçivəsində nəzərə almışıq”, – deyə o vurğulayıb.
AMB rəsmisi əlavə edib ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə də qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi planlaşdırılır.
Onun sözlərinə görə, hazırda bu sığorta növündə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən olunmuş sığorta limiti avtomatik bərpa mexanizmi əsasında tətbiq edilir.
“Yəni, bir hadisə nəticəsində sığorta ödənişi həyata keçirildikdən sonra limit azalmır, əksinə, yenidən əvvəlki həddə bərpa olunur. Bu isə digər sığorta məhsullarından fərqləndirici xüsusiyyətdir”, – deyə Vüsal Qurbanov qeyd edib.
O bildirib ki, digər sığorta məhsullarında isə ödəniş edildikdən sonra ümumi sığorta limiti verilmiş kompensasiya məbləği qədər azalır.












