Nazim Sadıxov: “Hər döyüşə gətirdiyim əsas xüsusiyyət hazırlıqlı amansızlıqdır”
“Hər döyüşdə taktiki və ağıllı davranmağa çalışıram, amma bəzən qarşılaşmalar fərqli ssenari üzrə inkişaf edir.
Şəxsən mənim hər döyüşə gətirdiyim əsas xüsusiyyət, əsasən, hazırlıqlı amansızlıqdır. Məhz etmək istədiyim də budur”.
1news.az xəbər verir ki, bunu Bakıda keçiriləcək “UFC Fight Night Baku” turniri öncəsi təşkil olunan mətbuat konfransında yüngül çəkidə çıxış edən azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov deyib.
Rəqibinin hazırlığı barədə suala cavab verən Sadıxov onun yaxşı hazırlaşdığını bildiyini qeyd edib:
“Hamımız eyni çevrədə fəaliyyət göstəririk. Mən onun kimlərlə məşq etdiyini bilirəm, o da mənim kimlərlə hazırlaşdığımı bilir. Bilirəm ki, o, döyüşə yüz faiz hazır çıxacaq və bura sadəcə uzanıb qələbəni təslim etmək üçün gəlməyib. O, gənc, güclü və perspektivli döyüşçüdür”.
Bununla yanaşı, idmançı öz gücünə inandığını vurğulayıb:
“Amma inanıram ki, onu hissə-hissə analiz edib üstələmək üçün bütün vasitələrə sahibəm və bu döyüş harada keçməsindən asılı olmayaraq - ayaqüstü, klinçdə və ya yerdə - ən yaxşısı ola bilərəm”.
Döyüşün necə keçəcəyinə dair fikirlərini bölüşən Nazim Sadıxov sonda bildirib:
“Düşünürəm ki, hər şey mümkündür. Zaman göstərəcək. Amma inanıram ki, bu, bütün tamaşaçılar üçün maraqlı qarşılaşma olacaq”.
Qeyd edək ki, UFC-nin Bakı turniri iyunun 27-də Milli Gimnastika Arenası-nda keçiriləcək.











