Vado Karovin ittihamlara cavab verdi: “Bütün dediklərim sənədlərlə təsdiqlənir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vado Karovin ittihamlara cavab verdi: “Bütün dediklərim sənədlərlə təsdiqlənir”

First News Media16:10 - Bu gün
Vado Karovin ittihamlara cavab verdi: “Bütün dediklərim sənədlərlə təsdiqlənir”

Space TV-nin keçmiş rəhbəri telekanalın yaydığı açıqlamaya münasibət bildirərək öz mövqeyini açıqlayıb.

1news.az xəbər verir ki, o bildirib ki, heç vaxt məsuliyyətdən yayınmayıb və indi də yayınmaq niyyətində deyil. Lakin onun sözlərinə görə, məsuliyyət yalnız faktlar, sənədlər və real nəticələr əsasında qiymətləndirilməlidir.

Keçmiş rəhbər qeyd edib ki, telekanalın kredit öhdəliyi həqiqətən mövcud olub, lakin həmin kredit onların rəhbərliyə təyin olunmasından iki il əvvəl götürülüb.

Onun sözlərinə görə, rəhbərlik Space TV-ni ciddi maliyyə öhdəlikləri, borclar, texniki və təşkilati problemlərlə təhvil alıb. Buna baxmayaraq, məhz həmin dövrdə idarəetmənin keyfiyyəti özünü göstərib.

Açıqlamada vurğulanıb ki, son illərdə beynəlxalq və iri milli reklamverənlər reklam büdcələrinin böyük hissəsini rəqəmsal platformalara yönləndiriblər. Nəticədə televiziya reklam bazarı daralıb və bu, əksər televiziya kanalları kimi Space TV-nin də maliyyə vəziyyətinə təsir göstərib. Bildirilib ki, məhz bu səbəbdən kanal kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkib.

Keçmiş rəhbər iddia edib ki, onun rəhbərliyi dövründə Space TV milli televiziya kanalları arasında yeddinci yerdən ikinci yerə yüksəlib və reytinqlər dörd dəfə artıb.

O, həmçinin qeyd edib ki, maliyyə çətinliklərinə baxmayaraq, əməkdaşların maaşları vaxtında ödənilib, kanal fəaliyyətini davam etdirib və keyfiyyətli televiziya məhsulu istehsal edib.

Açıqlamaya görə, onun vəzifədən ayrılmasından əvvəl imzalanmış iri kommersiya müqaviləsi telekanalın sabit fəaliyyətini təmin edib. Keçmiş rəhbər bildirib ki, hazırkı rəhbərliyin bir neçə ay əvvəl ödəndiyini açıqladığı əməkhaqları da məhz həmin müqavilə hesabına ödənilib.

O əlavə edib ki, hazırda efirdə yayımlanmaqda davam edən televiziya məzmununun əhəmiyyətli hissəsi də onun rəhbərliyi dövründə satın alınıb.

Keçmiş rəhbər hazırkı rəhbərliyin texniki bazanın inkişaf etdirilməməsi ilə bağlı iddialarını da əsassız adlandırıb.

Onun sözlərinə görə, rəhbərliyi dövründə Space TV-də genişmiqyaslı texniki yenilənmə həyata keçirilib. Bu çərçivədə 8 robotlaşdırılmış televiziya kamerası, 3 yeni studiya kamerası, bütün studiyalar üçün yeni televiziya pultları, yenilənmiş mikrofon bazası, yeni kompüter və istehsalat avadanlıqları alınıb, studiyalar və efir avadanlıqları modernləşdirilib, həmçinin yeni xidməti avtomobillər əldə olunub.

Keçmiş rəhbər bildirib ki, bütün satınalmalar rəsmi qaydada rəsmiləşdirilib, müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və digər mühasibat sənədləri telekanalın arxivində saxlanılır. Onun sözlərinə görə, görülən işlər Audiovizual Şura tərəfindən tərtib edilmiş aktlarda da öz əksini tapıb və bu məlumatları yoxlamaq mümkündür.

Açıqlamada hazırkı rəhbərliyin ofis təmiri ilə bağlı bəyanatlarına da toxunulub. Bildirilib ki, kosmetik təmir işləri hələ əvvəlki rəhbərlik dövründə aparılıb və hazırda bir neçə santexnika elementinin dəyişdirilməsinin əsas uğur kimi təqdim olunması görülən işlərin miqyası ilə müqayisə oluna bilməz.

Keçmiş rəhbər qeyd edib ki, əsas investisiyalar studiyaların yenilənməsinə, texniki infrastrukturun modernləşdirilməsinə, peşəkar televiziya avadanlıqlarının, kompüterlərin, kameraların, robotlaşdırılmış sistemlərin, mikrofonların, televiziya pultlarının və xidməti nəqliyyat vasitələrinin alınmasına yönəldilib.

O, həmçinin bildirib ki, peşəkar təhlilinə əsasən, cari dinamika davam edərsə, sentyabr ayının yekunlarına görə Space TV-nin reytinqdə təxminən beşinci yerə geriləməsi mümkündür.

Sonda keçmiş rəhbər vurğulayıb ki, telekanalı borclar, köhnəlmiş texnika və çoxsaylı problemlərlə qəbul etdikləri zaman məsuliyyətdən yayınmayıblar, əksinə, məsuliyyəti üzərlərinə götürərək nəticə əldə ediblər.

O, hazırkı rəhbər Ayaz Mustafayevin açıqlamalarını məsuliyyəti başqalarının üzərinə atmaq cəhdi kimi qiymətləndirib və bildirib ki, istəsəydi, eyni məntiqlə krediti götürən əvvəlki rəhbərliyi də ittiham edə bilərdi. Keçmiş rəhbər sonda bütün dediklərinin maliyyə hesabatları, müqavilələr, satınalmalar, reytinq göstəriciləri və komandanın əldə etdiyi nəticələrlə təsdiqləndiyini vurğulayıb.

 Xatırladaq ki, Space TV daha əvvəl yaydığı açıqlamada telekanalın bank hesablarına həbs qoyulmasının 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olduğunu bildirmişdi. Kanal rəhbərliyi həmin dövrdə yaranmış maliyyə problemlərinə görə keçmiş rəhbərlik – Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyevi məsuliyyətli hesab etdiyini açıqlamış, hazırda isə telekanalda genişmiqyaslı islahatların aparıldığını, texniki bazanın yeniləndiyini və sentyabr ayından yeni layihələrin tamaşaçılara təqdim olunacağını bəyan etmişdi.

Paylaş:
127

Son xəbərlər

Qızıl bahalaşdı

Bu gün, 16:21
Bütün xəbərlər