ƏSF rəsmisi: Kompensasiya ödənişləri həm terminallar, həm də rəsmi sayt vasitəsilə mümkündür
Əmanətlərin Sığortalanması Fondu rəqəmsallaşma çərçivəsində yeni onlayn ödəniş imkanları yaradıb.
1news.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Günü ilə bağlı təşkil olunmuş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, Fond rəqəmsallaşma istiqamətində müxtəlif layihələr həyata keçirir və yeni xidmətlər tətbiq edir: "Artıq vətəndaşlar əvvəllər yalnız fiziki qaydada etdikləri ödənişləri onlayn şəkildə də həyata keçirə bilirlər. Hazırda ödənişlər həm ödəniş terminalları, həm də Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet saytı vasitəsilə mümkündür".
A.Balıyeva bildirib ki, sığorta hadisəsi baş verdikdə ilk olaraq Mərkəzi Bank tərəfindən Fonda bildiriş göndərilir: "Bundan sonra Fond rəsmi internet səhifəsində və KİV-də ilk rəsmi elanı yayımlayır. Növbəti mərhələdə agent bank seçilir və kompensasiyaların ödənilməsinə başlanılır. İlk elanın verildiyi tarixdən etibarən əmanətçilərin kompensasiyanı almaq üçün müraciət etməsinə 1 il vaxt verilir".
Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda bu müddət 5 ilədək uzadıla bilər: "Məsələn, əmanətçi həmin 1 il ərzində ölkə xaricində olduqda, xəstəlik və ya qanunla müəyyən edilmiş digər üzrlü səbəblər olduqda müraciət müddəti uzadıla bilər. Ümumilikdə maksimal müddət 5 ildir. Bu müddət başa çatdıqdan sonra sığortalanmış əmanət üzrə kompensasiya almaq hüququ qüvvədən düşür və vəsait qorunmayan əmanətlər üçün tətbiq olunan ümumi qaydada ödənilir












