Arzumun vəkili ev dustaqlığı qərarına aydınlıq gətirdi: "Bu, cəza deyil" | 1news.az | Xəbərlər
Cəmiyyət

Arzumun vəkili ev dustaqlığı qərarına aydınlıq gətirdi: "Bu, cəza deyil"

Oksana Orucova10:37 - Bu gün
Arzumun vəkili ev dustaqlığı qərarına aydınlıq gətirdi: "Bu, cəza deyil"

"Arzum 9999" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, o, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olmaqda və hadisə yerini tərk etməkdə təqsirləndirilərək məhkəmənin hökmü ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin edərək barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Qərardan sonra sosial şəbəkələrdə ev dustaqlığının hüquqi mahiyyəti, bu qətimkan tədbirinin cəza olub-olmaması və gələcəkdə hökmə necə təsir göstərəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Məsələ ilə bağlı İlduzə Hacıyevanın vəkili Fərid Həsənov 1news.az-a açıqlamasında bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması müdafiə tərəfinin qanunla nəzərdə tutulmuş hüquqlarından biridir.

"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, təqsirləndirilən şəxs və onun müdafiəçiləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət vermək hüququna malikdirlər. Bu, müdafiə tərəfinə qanunla verilmiş hüquqlardan biridir", - deyə vəkil bildirib.

Vəkil vurğulayıb ki, ev dustaqlığının cəza kimi təqdim edilməsi düzgün deyil. Onun sözlərinə görə, bu, cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan qətimkan tədbirlərindən biridir və həbsə alternativ olaraq tətbiq edilir.

"Ev dustaqlığı da həbs kimi qətimkan tədbiridir və cəza hesab olunmur. Bu tədbir şəxsin şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilən prosessual məcburiyyət tədbiridir", - deyə vəkil qeyd edib.

O əlavə edib ki, ev dustaqlığı tətbiq edilən şəxslərin üzərinə məhkəmə tərəfindən müxtəlif məhdudiyyətlər qoyula bilər və İlduzə Hacıyeva ilə bağlı qəbul edilən qərarda da belə qadağalar əksini tapıb.

"Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İlduzə Hacıyevanın sosial şəbəkələrdən istifadə etməsi, həmçinin fövqəladə hallar və sağlamlıq vəziyyəti istisna olmaqla, günün müəyyən saatlarında yaşadığı evi tərk etməsi qadağan edilib", - deyə müdafiəçi bildirib.

Vəkil eyni zamanda müdafiə etdiyi şəxsin hərəkətlərində cinayət tərkibi olmadığına dair mövqeyini bir daha ifadə edib.

"Müdafiəçisi olduğum şəxsin hərəkətlərində cinayət tərkibi olmadığını hesab edirəm və bu mövqeyimizi məhkəmə araşdırması zamanı da müdafiə edəcəyik", - deyə o bildirib.

Müdafiəçi sonda ev dustaqlığında keçirilən müddətin hüquqi nəticələrinə də toxunub. O bildirib ki, qanunvericiliyə əsasən, şəxsin həbsdə və ya ev dustaqlığında keçirdiyi müddət sonradan məhkəmənin təyin etdiyi cəzanın hesablanması zamanı nəzərə alınır.

"Cinayət Məcəlləsinə əsasən, şəxsin həbsdə və ya ev dustaqlığında olduğu müddət yekun cəza təyin edilərkən həmin cəzadan çıxılır", - deyə vəkil əlavə edib.

Xatırladaq ki, "Arzum 9999" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyeva dörd uşaq anasıdır. Onun övladlarından biri autizm spektr pozuntusundan əziyyət çəkir və xüsusi qayğıya ehtiyac duyur.

Qeyd edək ki, vəkil daha əvvəl mediaya verdiyi açıqlamalardan birində İlduzə Hacıyevanın ailə vəziyyətinə də toxunmuşdu. O bildirmişdi ki, təqsirləndirilən şəxsin dörd azyaşlı övladının olması, onlardan birinin xüsusi qayğıya ehtiyac duyması, eləcə də uşaqların atasının hərbçi kimi xidmət etməsi nəzərə alınmalı olan amillərdəndir. Müdafiəçinin sözlərinə görə, bu səbəblərdən Almaniyada yaşayan uşaqların ailədən ayrılması riski ilə bağlı narahatlıqlar da mövcud idi.

 

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər