Asu Almabayev: “Ən yaxşı döyüşçü olduğumu deməyəcəyəm, hər şeyi döyüş göstərəcək”
“Mən ən yaxşı döyüşçü və ya ən yaxşı güləşçi olduğumu iddia etməyəcəyəm. Hər şeyi döyüşün özü göstərəcək”.
1news.az xəbər verir ki, bunu Bakıda keçiriləcək “UFC Fight Night Baku” turniri öncəsi təşkil olunan mətbuat konfransında qazaxıstanlı MMA döyüşçüsü Asu Almabayev deyib.
Rəqibinin Tailanddakı kikboksinq üzrə məşqçisinin Rafael Dos Anyos olması ilə bağlı açıqlamasını şərh edən Almabayev bildirib ki, müəyyən mərhələlərdə bir çox döyüşçü müxtəlif ölkələrdə fərqli mütəxəssislərlə çalışır.
İdmançı əlavə edib ki, hazırda Dos Anyosla yaxşı münasibətləri var və onunla mütəmadi ünsiyyət saxlayır:
“Rəqibimin hazırlığının necə keçəcəyini görəcəyik”.
Rafael Dos Anyosun rəqibinə döyüş öncəsi faydalı məsləhətlər verib-verə bilməyəcəyi barədə suala cavabında Almabayev bunu çox yaxşı ideya adlandırıb.
Döyüşçünün fikrincə, Rafael əsl peşəkar və təcrübəli idmançıdır, buna görə də onun faydalı tövsiyələr verəcəyinə şübhə yoxdur. Almabayev həmçinin ümid etdiyini bildirib ki, rəqibi bu məsləhətlərdən yararlanacaq və bu, hazırlıq prosesində ona kömək edəcək.
Qarşıdakı döyüş barədə danışan Asu Almabayev sonda qeyd edib:
“Yalnız onu vəd edə bilərəm ki, qəfəsə tam hazır vəziyyətdə çıxacağam və bacardığım hər şeyi göstərəcəyəm. Bundan sonra nə baş verəcəyini isə döyüş günü görəcəyik”.
Qeyd edək ki, UFC-nin Bakı turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.











