Şəxsi torpaq sahəsində dəfn: Din və qanun bu barədə nə deyir? | 1news.az | Xəbərlər
Mövqe

Şəxsi torpaq sahəsində dəfn: Din və qanun bu barədə nə deyir?

Faiqə Məmmədova17:35 - Bu gün
Şəxsi torpaq sahəsində dəfn: Din və qanun bu barədə nə deyir?

1news.az redaksiyasına oxucumuzdan ilk baxışda gözlənilməz görünə biləcək bir sualla müraciət daxil olub:

İnsan öz evinin həyətində dəfn oluna bilərmi yoxsa, dəfn mütləq qəbiristanlıqda həyata keçirilməlidir?

Oxucumuz bu mövzunun işıqlandırılmasını xahiş edib və bildirib ki, bu məsələ çoxları üçün maraq doğura bilər.

Etiraf edək ki, mövzu kifayət qədər həssas və dərin məzmun daşıyır. Bu səbəbdən məsələnin həm dini, həm də hüquqi baxımdan ətraflı izahına ehtiyac var. Biz də vəziyyəti araşdırmaq qərarına gəldik və ekspertlərin fikirlərini öyrəndik.

İlk növbədə tanınmış ilahiyyatçı Elşad Mirinin mövqeyinə nəzər salaq.

İlahiyyatçının sözlərinə görə, İslam dinində mərhumun harada, hansı qəbiristanlıqda və ya hansı formada dəfn edilməli olduğuna dair konkret və qəti hökm yoxdur. Müqəddəs Qurani-Kərim bu məsələyə toxunmur. Çünki onun əsas missiyası yaşayan insanlara doğru yolu göstərməkdir.

“Təəssüf ki, cəmiyyətimizdə din anlayışı çox vaxt yalnız ölüm, yas mərasimləri, Quran oxunması və dəfn məsələləri ilə əlaqələndirilir. Buna görə də belə mövzular gündəmə gələndə ilk verilən sual həmişə belə olur: “Din bu barədə nə deyir?”. Halbuki, əslində din bu məsələ ilə bağlı konkret bir hökm vermir”, - deyə E. Miri bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən rəsmi icazə olduğu təqdirdə, insan öz istəyi ilə istər evinin həyətində, istər ictimai qəbiristanlıqda, istərsə də ailə məqbərəsində dəfn oluna bilər. Bu variantların heç biri dini ehkam hesab edilmir. Bunların hamısı yalnız ayrı-ayrı xalqların adət-ənənələri və formalaşmış ənənələri ilə bağlı məsələlərdir.

“Buna görə də bir daha vurğulayıram ki, İslam dinində və Qurani-Kərimdə vəfat etmiş şəxsin harada dəfn olunmalı olduğuna dair hər hansı göstəriş yoxdur. Üstəlik, “Yasin” surəsinin 70-ci ayəsində açıq şəkildə bildirilir ki, Qurani-Kərim yaşayan insanları xəbərdar etmək üçün nazil edilib. Yəni bu Müqəddəs Kitabda vəfat etmiş şəxslərin dəfn qaydaları ilə bağlı hər hansı hökm, qərar və ya xüsusi ənənələr müəyyən edilmir”, – deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Məsələnin hüquqi tərəfini aydınlaşdırmaq üçün hüquqşünas Elmar İbrahimova müraciət etdik.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyində vəfat etmiş şəxsin öz evinin həyətində dəfn olunması nəzərdə tutulmur.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları haqqında Qərarına əsasən, vəfat etmiş şəxslərin dəfni yalnız yerli icra hakimiyyəti orqanları tərəfindən bu məqsədlə ayrılmış qəbiristanlıqlarda həyata keçirilir. Qəbiristanlıqların salınması, idarə olunması və istifadəsi xüsusi sanitariya, ekoloji və şəhərsalma normaları ilə tənzimlənir”, – deyə E. İbrahimov izah edib.

Hüquqşünas əlavə edib ki, qüvvədə olan sanitariya-epidemioloji tələblərə əsasən, yaşayış ərazilərində və həyətyanı torpaq sahələrində dəfn aparılması yolverilməz hesab olunur. Bu, insanların sağlamlığının qorunması, yeraltı suların mühafizəsi və ətraf mühitin qorunması məqsədilə müəyyən edilmiş tələblərdən irəli gəlir.

Məsələyə yekun hüquqi aydınlıq gətirmək üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.

Qurumda sorğumuz təəccüblə qarşılandı və qısa, lakin birmənalı cavab verildi:

"Bu, qanunvericiliyə tamamilə ziddir. Qanunvericilikdə dəfn üçün müvafiq yerlər dəqiq müəyyən edilib və vətəndaşların dəfni yalnız həmin məkanlarda həyata keçirilməlidir".

Sonda

Beləliklə, bu qeyri-adi məsələni həm dini, həm də hüquqi aspektdən araşdırdıqdan sonra birmənalı nəticəyə gəlmək olar ki, Azərbaycanda dəfn üçün yeganə qanuni məkan rəsmi qəbiristanlıqlardır.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər