Şah İsmayıl Xətai və Səfəvilər ətrafında başlayan mübahisə hara gedir? – Yeni açıqlamalar və qarşılıqlı ittihamlar | 1news.az | Xəbərlər
Mövqe

Şah İsmayıl Xətai və Səfəvilər ətrafında başlayan mübahisə hara gedir? – Yeni açıqlamalar və qarşılıqlı ittihamlar

Qafar Ağayev00:08 - Bu gün
Şah İsmayıl Xətai və Səfəvilər ətrafında başlayan mübahisə hara gedir? – Yeni açıqlamalar və qarşılıqlı ittihamlar

Son günlər Azərbaycan cəmiyyətində və sosial şəbəkə seqmentində səngiməyən əsas müzakirə mövzularından biri Milli Məclisin deputatı Fazil Mustafanın “Yeni Sabah” saytına verdiyi müsahibədə Şah İsmayıl Xətai və Səfəvilər dövləti ilə bağlı səsləndirdiyi fikirlərdir.

Artıq on gündən çoxdur davam edən genişmiqyaslı polemika ictimaiyyəti və ekspert dairələrini iki fərqli düşərgəyə bölüb.

Bir tərəf tarixi şəxsiyyətlərimizə və dövlətçilik ənənələrimizə qarşı səsləndirilən tənqidi tezisləri qəbuledilməz hesab edərək sərt etirazını bildirir. Digər tərəf isə məsələyə emosional yanaşmadan uzaq, müasir dünyəvi dövlətçilik və milli kimlik prizmasından baxmağın vacibliyini önə çəkir.

Məsələ necə başladı və necə daha da böyüdü?

Bu məsələnin geniş müzakirə olunmasının əsas səbəbkarlarından birinin jurnalist Taleh Şahsuvarlı olduğunu desək, yanılmarıq.

Belə ki, deputatın müsahibəsindən dərhal sonra Taleh Şahsuvarlı sosial şəbəkə hesabında paylaşım edərək Fazil Mustafanı debata dəvət etdi.

Debatla bağlı təklifə reaksiya verməyən F.Mustafa daha sonra internetdə yayımlanan LAF TV-nin rəhbəri, jurnalist Ləman Ələşrəfqızının Taleh Şahsuvarlı müsahibəsini paylaşaraq hər iki jurnalisti “savadsız” adlandırdı.

Bu paylaşım da öz növbəsində müzakirələrin daha da alovlanmasına səbəb oldu.

Deputatın dediklərinə cavab olaraq Ləman Ələşrəfqızı da Fazil Mustafanı işarələyərək öz fikirlərini bildirdi. O, paylaşımında deputat tərəfindən onun ünvanına sərt ifadələrin səsləndirildiyini qeyd etdi.

Müzakirələrin getdikcə gərginləşməsi Mətbuat Şurasının sədri Rəşad Məcidin də məsələyə münasibət bildirməsinə səbəb oldu.

O, tərəflər arasında yaranmış gərginliyin qarşılıqlı anlaşma və barışıq yolu ilə həll olunmasına çağırış etdi.

Məsələyə reaksiya verənlərdən biri də Real TV-nin rəhbəri, Əməkdar jurnalist Mirşahin Ağayev olub. O, deputatın Şah İsmayıl Xətai ilə bağlı yazdığı statusun şərh bölməsində fikirlərini bölüşüb.

Mirşahin Ağayev yazıb:

“Fazil, qardaşım, yaxşısı budur iştirakçısı olduğumuz Ən Yeni Tarixdən danışaq. Üç il-beş il sonra biz də olmayacağıq dünyada. Kim olacaq hal şahidləri, halımızın şahidləri? Kim doğrusunu çatdıracaq xalqa?

M.Ə.Rəsulzadəni də, Şah İsmayıl Xətaini də rahat buraxaq, məncə. 1992-1993-cü illərdə baş verənlərdən danışmaq, iştirakçısı olduğumuz hadisələrdən danışmaq daha faydalı olardı, məncə. Həm də ona görə ki, cəmiyyət, xalq bir də heç vaxt AXC-Müsavat cütlüyünün irsi davamçılarına etimad göstərməsin. Yoxsa bunlara hələ də elə gəlir ki, Qarabağı, Şərqi Zəngəzuru qaytaran Ə.Elçibəy və ondan qalanlardır, İlham Əliyev yox.

Revanşistlər təkcə Ermənistanda deyil, Fazil. Bizim qaragüruhçuların da yaddaşına dərin revanşizm, kor qisasçılıq meylləri hakimdir. İndi onlarla işləmək, başa salmaq, yerlərini göstərmək lazımdır!

İndiki məqamda – Ermənistanla hələ yekun sülh sazişini imzalamadığımız bir vaxtda, N.Paşinyanın diqqəti yayındırmaqdan ötrü müxtəlif oyunlar oynadığı, qan daman İran-ABŞ-İsrail qarşıdurması fonunda, qeyri-rəsmi 3-cü Dünya Müharibəsinin qulağının dibində (rusiyalı, ukraynalı!) hələ də davam etdiyi bir zamanda bu nə Şah İsmayıl “sevdası”dır belə?

1992-ci ildə, 24 oktyabrda ABŞ-də Azərbaycana qarşı 907-ci düzəliş qəbul ediləndə AXC-Müsavat iqtidarı Naxçıvanda H.Əliyevi Ali Məclisin rəhbərliyindən uzaqlaşdırma əməliyyatı aparırdı. ABŞ-yə müqavimət göstərmək əvəzinə... Hələ əziyyətini indi də çəkirik. Bunlardan danışaq!

Axı sən bu proseslərin lap içində olmusan. Qardaş, başa düşürəm hər şeyi. Babəkdən də, Şah İsmayıldan da, din adı altında ayaq açan cəhalətdən də danışmaq olar. Amma indi qaragüruh cəhalətinin anatomiyasını izah etmək zamanıdır.

Biabırçılıqla, rüsvayçılıqla, fərariliklə tərk edilmiş torpaqlara işğaldan azad ediləndən sonra yola düşən Azadlıq Avtobuslarına istehza edənlərlə mübarizə aparmaq lazımdır. Azadlıq və Abadlıq tariximizi yazmaq lazımdır. Nə qədər ki, əlimiz qələm, ağzımız söz tutur.

Şah İsmayıl Xətai gözləyər. İrəlidə özü boyda əbədiyyət var! Amma vaxt gözləmir!”

Deputat Ceyhun Məmmədov da öz sosial media hesabında mövzuya toxunaraq yazıb:

“Tarixi şəxsiyyətləri nə bütləşdirmək, nə də qaralamaq lazımdır. Onları öz dövrləri, gördükləri işlər, qəbul etdikləri qərarlar və yaratdıqları irslə birlikdə qiymətləndirmək lazımdır.

Çünki tarixə hörmət keçmişi öz baxışımıza uyğunlaşdırmaqdan deyil, onu bütün mürəkkəbliyi ilə anlamağa çalışmaqdan başlayır”.

Mübahisəyə yeni simalar qoşuldu

Azərbaycan Milli Elmlər Akademiyası Tarix və etnologiya institutunda təhsil şöbəsinin müdiri Gülşən Məmmədoğlu Şah İsmayıl Xətai ilə bağlı müzakirələrə münasibət bildirib.

O, bu barədə AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadədən sitat gətirib.

F.Mustafa da G.Məmmədoğluna sərt reaksiya verib: ““Savadsız” deyəndə məndən inciyirlər. Rəsulzadənin bölgənin türkləşməsi ilə bağlı mülahizələrini yazıb və sonra da mənə xitabən qeyd edib ki, Səfəvilər barədə söz deyənin dili kəsilməlidir və kəsilər də. Elm müəssisəsində işləyən həm də təhsil işinə baxan bir adamın özbaşınalıq rezümesinə bax e... Ona görə deyirəm ki, hər hansı bir tarixi dövr, hər hansı bir din, yaxud ideologiya bir insanı vəhşiləşdirirsə, orada dəyər axtarmayın. Əlində bıçaq ortalıqda dolaşır. AMEA-da bu qadından özlərini gözləsələr, faydalı olardı”.

 

Bir neçə gün əvvəl başlayan bu qızğın mübahisə bu gün də davam edib.

Belə ki, politoloq Mübariz Əhmədoğlu da müzakirələrə qoşulub.

Mübariz Əhmədoğlu yazıb:

“Səfəvi və ya Şah İsmayıl mövzusunda Fazil Qəzənfəroğluna cavab vermək, onunla distansion polemikaya girmək imkanım var və ehtimal ki, bu imkandan da istifadə edəcəyəm. İndiki qeyddə məqsədim onun mənim fikirlərimlə bağlı yazdığında 2, bəlkə də 3 təhqirli məqamı gördüm və cavab verməliyəm:

  1. Görünür, Fazil Qəzənfəroğlu səhv yolda olduğuna görə ona təzyiqlər çoxdur və bu təzyiqlərin qarşısında bəlkə də müəyyən qədər psixologiyasını idarə edə bilmir. Mən məzhəbçi zehniyyət sahibi deyiləm, azərbaycanlıyam. Fazil Qəzənfəroğludan da əvvəl xalq hərəkatındayam və mənimlə xalq hərəkatında olanlar mənim üçün həyatda ən birinci Azərbaycançılıq olduğunu bilirlər. Bu barədə 25-30 yaşlı yazılarım var. Dövrünün ən populyar mətbu orqanlarında çap olunub.

  2. Təriqətçiliyə qarşı mübarizə aparmaq “Don Kixotun yel dəyirmanı ilə mübarizə aparması” kimidir. Çox təəssüf ki, F.Qəzənfəroğlu “intellekti”nin geri qalmışlığının hesabına bu işlə məşğuldur. Dünyada heç bir təkallahçı din bir təriqət və məzhəbdən ibarət deyil. Əslində, təriqətçilik, məzhəbçilik bütün təkallahçı dinlərin zatındadır. Allahın yeni din yaradacağı, Peyğəmbər göndərəcəyi bizim bildiyimiz mövzu deyil. Şəxsən belə düşünürəm.

  3. F.Qəzənfəroğlu namus mövzusundan danışır. Əlbəttə, “milli namus”, “dövlət namusu” terminindən istifadə edə bilərdi. Namussuzluq geniş anlamdadır. Görünür, F.Qəzənfəroğlu namusun nə olduğunu bilmir, bu mövzuda ona əlavə öyrənmək lazımdır.

Arzumdur ki, F.Qəzənfəroğlu mənimlə bağlı yazdıqlarına bir də qayıtsın. Tövsiyə edirəm ki, geri qayıtsın. F.Qəzənfəroğluna Azərbaycanda gülənçi mövzusunun baş qaldırdığı dövrdə o mövzuya qayıtmasında ona bu sifarişi, əmri verən, hökumətdə olan böyüyü – Gülənçiliyin baş direktoru ilə məsləhətləşməyi tövsiyə edirəm. Mən F.Qəzənfəroğlu və onun böyüyü ilə də polemikaya hazıram.

Ölkəmizdə həm gülənçiliyin baş direktoru, həm də İranın adamı vaxtilə Ümummilli Lider Heydər Əliyev və sonra da Prezident İlham Əliyev haqqında İrana çox sayda məlumat ötürüb. İndi İran o faktları onun özünə qarşı kompromata çevirib. Onu həm Ümummilli Liderin, həm də Prezident İlham Əliyevin, hətta onu bu yerə qədər böyüdən adamın əleyhinə qoya bilir.

F.Qəzənfəroğlu siyasətə necə gəlməsini yada salsın. Vaxtilə R.Mehdiyevin onun həyatında oynadığı rolu oynayan şəxs indi də var. Onunla məsləhətləşməyi tövsiyə edirəm”.

Fazil Mustafadan cavab

Deputat Fazil Mustafa Mübariz Əhmədoğlunun dediklərinə cavab verərək onu böhtançı adlandırıb.

F.Mustafa yazıb:

“Böyük qələbəmizdən sonra artıq Ermənistana söz raketi fırlatmayan, tənhalığa qapılmış gopçu politoloq Mübariz Əhmədoğlunu böhtan kampaniyasını genişləndirmək üçün meydana çıxarıblar. Şər-şamatadan başqa yenə də bir şey tapıb ortaya çıxara bilmirlər.

Görün qonşu ölkənin maraqlarını hər addımda təmsil edən bu ləyaqətsizlər məni indi də o ölkə ilə əməkdaşlıqda ittiham edirlər. Ancaq Mübariz Əhmədoğlunun sui-qəsdçi qardaşları onun kimi tapşırıq yerinə yetirəndə başqa cür düşünürdülər.

Üstəlik də illərdir sosial şəbəkədə mərhum atamı təhqir edən şəbəkəyə Mübariz Əhmədoğlu da qoşularaq başından böyük ifadələr işlədib.

Uzun illər öncə dünyasını dəyişmiş mərhum atam Azərbaycanın Əməkdar inşaatçısı olub, Naxçıvan şəhərində binaların əksəriyyətini tikib və ləyaqətli bir ailə başçısı olub. Və heç vaxt mehmanxana işlətməyib, icarə hüququ əsasında torpaq sahələrini başqa şəxslər işlədiblər.

Əgər Mübariz Əhmədoğlu şübhələnir ki, özü və ya yaxınları məhz Naxçıvanda hansısa hoteldə cinsi istismara məruz qalıb, buyurub müvafiq orqanlara şikayətini versin, araşdırsınlar. Bu yalnız Mübariz Əhmədoğluna aid deyil, belə bir iddianı tirajlayan qadınlı-erkəkli hər kəs üçün keçərlidir.

Bir də özünü qonşu ölkəni yaxşı tanıyan birisi kimi təqdim etmiş, əslində elə həmin qonşu ölkənin maraqlarına xidmət edənlərdən biri olduğunu cəmiyyətimiz çox yaxşı bilir.

Ramiz Mehdiyev mövzusunu isə çox yaxşı xatırlatmış. Maraqlıdır ki, vəzifədə olanda Mehdiyevin tariximizlə bağlı bəsit ideoloji tezislərinə qarşı çıxan bəlkə də yeganə adam olmuşam. Bunu təsdiq edən xeyli debatlar, məqalələr, kitablar var.

Ancaq mənim mövqeyimə qarşı indi bu şəxslərin işlətdiyi bütün ifadələri siz Ramiz Mehdiyevin kitablarından rahatlıqla tapa bilərsiniz. Əslində öz ideoloqunuzun yolunu uğurla davam etdirirsiniz”.

Mübahisə yeni deyil

Müəllifin fikirləri: İnternetdə məsələ ilə bağlı aparılan axtarış zamanı görünür ki, Şah İsmayıl Xətai və Səfəvilər mövzusunda yaranan bu tip müzakirələr heç də son 5-10 günün hadisəsi deyil.

Müxtəlif illərdə də Şah İsmayıl Xətai, Səfəvilər dövlətinin Azərbaycan tarixindəki rolu, dövlətçilik ənənələri, milli kimlik, məzhəb və dini-siyasi məsələlərlə bağlı oxşar mübahisələr yaşanıb.

Hazırda isə Fazil Mustafanın açıqlamalarından sonra başlayan polemika yalnız tarixi şəxsiyyət və Səfəvilər mövzusu ilə məhdudlaşmayıb. Müzakirələr getdikcə tərəflərin bir-birinə qarşı səsləndirdiyi ittihamlar, siyasi keçmiş, ideoloji yanaşmalar və şəxsi münasibətlər müstəvisinə də keçib.

Beləliklə, son günlərdə Şah İsmayıl Xətai və Səfəvilər ətrafında başlayan müzakirə artıq geniş ictimai-siyasi polemikaya çevrilib və sosial şəbəkələrdə müxtəlif tərəflərin iştirakı ilə davam edir.

 

Paylaş:
92

Son xəbərlər

Prezident fərman imzaladı

13 / 08 / 2026, 17:31
Bütün xəbərlər