Yeganə Hacıyeva: “Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsində maraqlı olan qruplar var” | 1news.az | Xəbərlər
Mövqe

Yeganə Hacıyeva: “Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsində maraqlı olan qruplar var”

Ayşən Salehli15:49 - Bu gün
Yeganə Hacıyeva: “Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsində maraqlı olan qruplar var”

Son günlər Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə səsləndirilən təhdid, təhqir və zorakılıq xarakterli fikirlər rəsmi Bakının ciddi reaksiyasına səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayaraq Rusiyanın bəzi KİV-lərində yayımlanan bu cür materialları pisləyib və onları sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə zidd hesab edib.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfirini XİN-ə çağıraraq son dövrlərdə Rusiya media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən fikirlərlə bağlı ciddi narahatlıq və etirazını qarşı tərəfin diqqətinə çatdırıb. Görüş zamanı müxtəlif media platformalarında yayımlanan, o cümlədən Azərbaycan rəhbərliyinə qarşı təhqir, təhdid və fiziki zorakılıq çağırışlarının yer aldığı materiallara diqqət çəkilib. Azərbaycan tərəfi analoji ritorikanın dəfələrlə edilən çağırışlara baxmayaraq daha sərt formada davam etməsindən narahatlığını bildirib və belə halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini gözlədiyini vurğulayıb. Məsələyə hüquqi müstəvidə də münasibət bildirilib.

Baş Prokurorluq Rusiyanın üç vətəndaşının Azərbaycan əleyhinə zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyə, habelə terrorçuluğa açıq çağırışlar etdiklərinə dair əsaslı şübhələrin müəyyənləşdirildiyini açıqlayıb. Həmin şəxslər barəsində cinayət işi başlanıb, onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq axtarışa verilib və barələrində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq, həmçinin, onların tutularaq Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edildiyini və İnterpol kanalları ilə beynəlxalq axtarışın təşkili istiqamətində tədbirlər görüldüyünü bildirib. Bütün bunlar fonunda Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı artan təhdid ritorikasının səbəbləri, bunun Azərbaycan-Rusiya münasibətlərinə mümkün təsirləri və rəsmi Bakının atdığı addımların nə dərəcədə nəticə verə biləcəyi diqqət mərkəzinə gəlib. 

Bəs Rusiyanın informasiya məkanında Azərbaycana qarşı bu ritorikanın artmasını necə qiymətləndirmək olar? Bu ayrı-ayrı şəxslərin mövqeyidir, yoxsa daha geniş prosesin göstəricisidir? Azərbaycanın Mətbuat Şurası, XİN və Baş Prokurorluq səviyyəsində atdığı addımlar hansı əhəmiyyət daşıyır? Azərbaycana qarşı təhdid və zorakılıq çağırışlarının mümkün hüquqi və təhlükəsizlik riskləri nələrdir?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva son günlər Rusiyanın informasiya məkanında Azərbaycana qarşı səsləndirilən təhdid və təhqir xarakterli fikirlərlə bağlı suallarımızı cavablandırıb.

O deyib ki, baş verənləri yalnız ayrı-ayrı jurnalistlərin, bloqerlərin və ya siyasətçilərin mövqeyi kimi qiymətləndirmək olmaz:

“Mən baş verənləri yalnız ayrı-ayrı jurnalistlərin, bloqerlərin və ya siyasətçilərin mövqeyi kimi qiymətləndirməzdim. Bu ritorikanın miqyası və xarakteri ən azı Azərbaycan–Rusiya münasibətlərinin pisləşməsində maraqlı olan müəyyən siyasi və informasiya qruplarının fəaliyyətindən danışmağa əsas verir.

Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, bu ritorika adi siyasi tənqid çərçivəsindən çıxaraq, bəzi hallarda açıq şəkildə düşmənçilik və təhdid xarakteri alır. Belə kampaniyalar yalnız informasiya məkanında deyil, Rusiya cəmiyyətində də Azərbaycana qarşı mənfi münasibətin formalaşmasına xidmət edir.

Bununla belə, bu qrupları nə bütövlükdə Rusiya hakimiyyəti, nə də Rusiya cəmiyyəti ilə eyniləşdirmək düzgün olardı.

Lakin müəyyən siyasi və güc strukturlarına yaxın çevrələrdə bu cür mövqelərin mövcudluğunu və yayılmasına imkan yaradıldığını da görməzdən gəlmək olmaz.

Burada artıq söhbət yalnız söz və fikir azadlığından deyil, Azərbaycanla Rusiya arasında gərginliyin sistemli şəkildə yaradılmasının kimə siyasi baxımdan sərf etməsindən gedir.

Məsələnin digər tərəfi də var. Rusiyada ölkə daxilində ciddi sosial, iqtisadi və siyasi problemlər mövcud olduğu zaman cəmiyyətin diqqətini xarici “düşmən” obrazına yönəltmək bəzən daxili problemlərdən diqqəti yayındırmaq üçün əlverişli vasitəyə çevrilir.

Buna görə də Azərbaycanı Rusiya üçün problem və ya düşmən kimi təqdim etməyə çalışan qüvvələrin məqsədlərinə xüsusilə diqqətlə yanaşmaq lazımdır. Azərbaycan və Rusiya obyektiv olaraq bir-birinin düşməni deyil.

Mən hesab edirəm ki, Azərbaycan Mətbuat Şurasının mövqeyi ilk növbədə media və peşə-etika müstəvisində qiymətləndirilməlidir.

Jurnalistin ifadə azadlığı peşəkar məsuliyyətdən azad olmaq demək deyil. Dövlətin, onun siyasətinin və ayrı-ayrı siyasətçilərin tənqidi mümkündür və bu, normal media fəaliyyətinin bir hissəsidir.

Lakin milli mənsubiyyətə görə təhqir, insan ləyaqətinin alçaldılması, bilərəkdən təxribat xarakterli məlumatların yayılması və xüsusilə zorakılığa haqq qazandırılması peşəkar jurnalistika ilə heç bir halda uzlaşmır.

Bu baxımdan Mətbuat Şurasının reaksiyası həm Rusiya, həm də beynəlxalq media məkanına mühüm mesajdır, jurnalistika milli düşmənçiliyin qızışdırılması və siyasi təxribat alətinə çevrilməməlidir.

Rusiya Federasiyasının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması artıq media müstəvisində deyil, dövlətin rəsmi diplomatik reaksiyasıdır.

Bu addım göstərir ki, Bakı Azərbaycanın milli ləyaqətinə, təhlükəsizliyinə və dövlət maraqlarına toxunan bəyanatları və informasiya kampaniyalarını cavabsız qoymaq niyyətində deyil.

Bu reaksiyanın həm də önləyici əhəmiyyəti var. Siyasi tənqidlə zorakılığa çağırış arasında dövlət tərəfindən aydın sərhəd qoyulmadığı təqdirdə, bu cür ritorika sabah real təhlükəsizlik risklərinə çevrilə bilər.

Xüsusilə fiziki zorakılığa, terrora və ya dövlət nümayəndələrinə və ayrı-ayrı şəxslərə qarşı zorakı hərəkətlərə çağırışlar ciddi təhlükə yaradır. Hüquqi dövlətdə belə çağırışlar onları kimin səsləndirməsindən və hansı siyasi mövqeni müdafiə etməsindən asılı olmayaraq, müvafiq hüquqi qiymət almalıdır.

Azərbaycan bu məsələdə ardıcıl siyasət yürütməli, belə halları sənədləşdirməli, diplomatik kanallardan, hüquqi mexanizmlərdən və milli və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə etməlidir. Bu, emosional reaksiya deyil, sistemli dövlət siyasəti olmalıdır.

Mən hesab edirəm ki, Baş Prokurorluğun fəaliyyətini siyasiləşdirmək prinsip etibarilə düzgün deyil. Baş Prokurorluğun cinayət əlamətləri ehtiva edən faktlarla bağlı cinayət işi başlaması ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində həyata keçirilən sırf hüquqi fəaliyyətdir.

Azərbaycan Respublikası Konstitusiyasının prokurorluğun səlahiyyətlərini müəyyən edib. Qanunla nəzərdə tutulmuş hallarda prokurorluq cinayət işi başlayır, ibtidai istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir və qanunla müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.

Bu səbəbdən cinayət işinin başlanmasını Rusiyaya ünvanlanmış diplomatik və ya siyasi mesaj kimi qiymətləndirməzdim. Bu, prokurorluğun funksiyalarının yanlış interpretasiyası olardı. Prokurorluq xarici siyasətlə məşğul olmur, o, qanunun aliliyini təmin edir.

Söhbət zorakılığa, terrora, dövlət xadimlərinə qarşı zorakı hərəkətlərə və ya cinayət tərkibi yarada biləcək digər əməllərə açıq çağırışlardan gedirsə, dövlətin buna ilk növbədə hüquqi qiymət verməsi vacibdir.

Məhz buna görə Baş Prokurorluğun mövqeyi siyasi deyil, qanunçuluğun, təhlükəsizliyin, dövlətin və cəmiyyətin qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi istiqamətində Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi kimi qiymətləndirilməlidir.

Nəticə etibarilə, Azərbaycan Rusiya ilə normal, sabit və qarşılıqlı faydalı münasibətlərdə maraqlıdır. Lakin belə münasibətlər yalnız qarşılıqlı hörmət, suverenliyə və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslana bilər.

Azərbaycanı düşmən obrazında təqdim etməyə çalışan ayrı-ayrı qrupların cəhdləri qətiyyətli və institusional reaksiya ilə qarşılanmalıdır.

Çünki son nəticədə məsələ yalnız kimin danışmasında deyil, Moskva ilə Bakının bir-birini qarşı tərəf və düşmən kimi görməsində kimin maraqlı olmasındadır”.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər