Naxçıvanın gələcəyini dəyişəcək layihələr – yeni inkişaf strategiyasının əsas istiqamətləri - ŞƏRH
“Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri mühüm siyasi, iqtisadi, sosial və strateji əhəmiyyət daşıyır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, dövlət başçısının Naxçıvana hər səfəri konkret nəticələrlə yadda qalır və bu dəfəki səfər də muxtar respublikanın kompleks inkişafının davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Prezident İlham Əliyevin Naxçıvana bu dəfəki səfəri bir daha göstərdi ki, muxtar respublikanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Səfər çərçivəsində müdafiə qabiliyyətindən sənayeyə, enerjidən nəqliyyata, tarixi-mədəni irsdən sosial infrastruktura qədər geniş spektrli məsələlər diqqətdə saxlanıldı. Bu, Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir”.
Naqif Həmzəyev qeyd edib ki, Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını zəruri edir:
“Naxçıvanda Əlahiddə Ordunun yaradılması və onun Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi kimi fəaliyyət göstərməsi dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm nəticələrindəndir. Bu gün muxtar respublikanın müdafiə potensialı ardıcıl şəkildə gücləndirilir. Bu da həm Naxçıvanın, həm də Azərbaycanın təhlükəsizliyinə mühüm töhfədir”.
Deputatın sözlərinə görə, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır:
“Sənaye Parkının yaradılması Naxçıvanın istehsal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Parkın ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması da xüsusi əhəmiyyət daşıyır. Bu layihə Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin ixracına da imkan yaradacaq”.
Naqif Həmzəyev vurğulayıb ki, Naxçıvan bərpaolunan enerji potensialına görə Azərbaycanın ən əlverişli bölgələrindən biridir:
“Naxçıvanda günəş enerjisinin istehsalı üçün böyük imkanlar mövcuddur. Artıq bu istiqamətdə mühüm layihələr həyata keçirilib, yeni layihələr üçün isə geniş ərazilər ayrılıb. Gələcəkdə burada yüzlərlə meqavat həcmində elektrik enerjisinin istehsalı mümkündür. Əsas məsələ bu enerjinin Türkiyə, İran və perspektivdə Avropa bazarlarına çıxarılması üçün ötürücü infrastrukturun inkişaf etdirilməsidir”.
Deputat hesab edir ki, Zəngəzur istiqamətində kommunikasiya əlaqələrinin bərpası Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq:
“Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın uzun illər davam edən coğrafi təcridinin aradan qaldırılması baxımından tarixi hadisə olacaq. Horadiz-Ağbənd avtomobil yolunun tikintisinin yekunlaşmaq üzrə olması, Naxçıvan istiqamətində dəmir yolu layihəsinin sürətlə davam etdirilməsi bu baxımdan mühüm addımlardır. Gələcəkdə bu marşrut yalnız avtomobil və dəmir yolu əlaqəsi ilə məhdudlaşmayacaq. Buradan fiber-optik kabellərin, elektrik xətlərinin, zərurət yarandığı halda enerji kəmərlərinin keçirilməsi də mümkündür”.
Naqif Həmzəyev bildirib ki, Zəngəzur marşrutu Naxçıvanın Azərbaycan, Türkiyə və Avropa arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə imkan verəcək:
“Burada söhbət yalnız Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpasından getmir. Bu marşrut daha geniş regional və beynəlxalq inteqrasiyaya xidmət edəcək. Naxçıvan Azərbaycan-Türkiyə-Avropa bağlantısında mühüm tranzit məntəqəyə çevrilə, eyni zamanda İran istiqamətində mövcud imkanlarla birlikdə regionun mühüm logistika mərkəzlərindən biri ola bilər”.
Deputat Naxçıvanın tarixi-mədəni irsinin qorunması istiqamətində görülən işlərin də xüsusi əhəmiyyət daşıdığını deyib:
“Naxçıvan qədim dövlətçilik və zəngin memarlıq ənənələri ilə seçilən bölgədir. Möminə Xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaniyə həsr olunmuş abidənin yaradılması və digər tarixi obyektlərin konservasiyası bu irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımlardır. Bu işlər Naxçıvanın turizm potensialının reallaşdırılmasına da ciddi töhfə verəcək”.
Naqif Həmzəyev qeyd edib ki, sosial və nəqliyyat infrastrukturu ilə bağlı yeni layihələr də Naxçıvan sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə hesablanıb:
“DOST Mərkəzinin istifadəyə verilməsi, elektrik avtobuslarının xəttə buraxılması, rayonlararası nəqliyyatın inkişafı, yeni yolların çəkilməsi və mövcud yolların əsaslı təmiri insanların gündəlik həyatına birbaşa təsir edən layihələrdir. Xüsusilə 217 müasir avtobusun alınması və yüzlərlə kilometr yolun yenilənməsi muxtar respublikanın nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.
Deputat vurğulayıb ki, Naxçıvanın turizm potensialının tam reallaşdırılması üçün mehmanxana infrastrukturunun genişləndirilməsi də vacibdir:
“Naxçıvanın həm zəngin tarixi, həm də unikal təbiəti böyük turizm imkanları yaradır. Şəhər mərkəzində beş ulduzlu yeni mehmanxananın təməlinin qoyulması bu baxımdan mühüm addımdır. Qarşıdakı illərdə turizm infrastrukturunun genişləndirilməsi Naxçıvanın iqtisadiyyatında bu sektorun payının artmasına şərait yaradacaq”.
Naqif Həmzəyev əlavə edib ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Bu yanaşma Azərbaycanın müxtəlif bölgələrinin inkişaf imkanlarının bir-biri ilə əlaqələndirilməsinə xidmət edir. Naxçıvanın muxtar respublika statusu saxlanılmaqla idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi də qarşıya qoyulan hədəflərə daha səmərəli şəkildə çatmağa imkan verəcək. Bütün bunlar göstərir ki, Naxçıvan qarşıdakı dövrdə Azərbaycanın iqtisadi, nəqliyyat, enerji və turizm xəritəsində daha mühüm mövqe tutacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm obyektlərin açılışını edib, yeni layihələrin təməlini qoyub. Eyni zamanda, Prezident səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.










