Paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişəcək
3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Agentlikdən bildirilib ki, 5-7 iyul tarixlərində Nazim Hikmət küçəsinin bir hissəsində aparılan təmir işləri səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
"5-7 iyul tarixlərində paytaxtın Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək", - deyə AYNA-dan bildirilib.
Qeyd edək ki, paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.












