Cavan Zeynallı: “Qaya” ilə ilk dəfə səhnəyə çıxanda ayaqlarım titrəyirdi” – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
1news TV

Cavan Zeynallı: “Qaya” ilə ilk dəfə səhnəyə çıxanda ayaqlarım titrəyirdi” – MÜSAHİBƏ

Ayşən Salehli11:00 - Bu gün
Cavan Zeynallı: “Qaya” ilə ilk dəfə səhnəyə çıxanda ayaqlarım titrəyirdi” – MÜSAHİBƏ

O, Azərbaycanın Xalq artisti, virtuoz pianocu, ustad cazmen və əfsanəvi Qaya” qrupunun unudulmaz solistidir.

İllərin peşəkarı olan sənətkar klassik təhsili, zəngin repertuarı və özünəməxsus caz improvizasiyaları ilə musiqi tariximizdə xüsusi yer tutur. Yaşından asılı olmayaraq bitib-tükənməyən cavan ruhu, şən təbiəti və səhnə enerjisi ilə hər kəsin sevimlisinə çevrilib.

Beləliklə, 1news.az-ın budəfəki müsahibi Xalq artisti Cavan Zeynallıdır:

- İlk sualım belədir ki, ümumiyyətlə, sizinlə həmsöhbət olmaq çox gözəldir və insan sanki sehrli bir aləmə, keçmişə səyahət edir. Çünki bizim uşaqlığımız, yetkin insanların da gənclik illəri sizin musiqilərinizi dinləməklə keçib. Əgər hər hansı bir sehrli qüvvəniz olsaydı və bizi keçmişə apara bilsəydiniz, ilk olaraq bizi hara aparardınız və ya kimlə görüşdürərdiniz?

- Mən xaricdə çox olmuşam. İstəyirdilər ki, mən gəlim, onlar üçün caz çalım və oxuyum. İngilis dilində də oxuyurdum, fransız dilində də. Harada olurdumsa, onların dilində oxuyurdum. Çünki mən belə şeyləri sevirdim.

Musiqi elə şeydir ki... Pianinoda çalanda insanın ürəyi də, beyni də rahat olur.

Mən özümü göstərmək üçün çalmıram. İçimdə nə varsa, onu çalıram, onu da oxuyuram. Repertuarım çox böyükdür. Oxumağa da, çalmağa da.

Konsertdə adamlar elə alqışlayırlar ki... Deyirəm, bir az da çalım. Dünyanın musiqilərini çalıram. Hollandiyanın da, Finlandiyanın da, Danimarkanın da... (sualı unudur-red.).

Müslüm Maqomayev qapını açıb soruşdu: “Bu cazı çalan kimdir?”

- Konservatoriyada pianoda caz çalırdım. Birdən Müslüm aşağıdan eşitdi. Dedi, bu cazı çalan kimdir? Gəlib qapını açdı. Soruşdu ki, siz Cavanşirsiniz? Dedim, hə, Cavanşir.

Dedi:

- Sizin haqqınızda danışırlar ki, siz cazmensiniz.

Dedim:

- Mən konservatoriyada klassika oxuyuram.

Dedi:

- “Come Prima”nı mənim tonumda çalarsınız?

Başladım çalmağa. Birdən bir caz akkordu vurdum.

Dedi:

- Ay Cavan, bu nə akkorddur? Mən bunları bilmirəm. Mənə barmaqlarını göstər.

Sonra dedi:

- Toyuq sevirsən?

Mən başa düşmədim.

Dedi:

- Mənim yoldaşım evdə bulyon bişirir. Gələrsən bizə, mənə bunları göstərərsən. Burada konservatoriyada bilməsinlər ki, Müslüm Maqomayev caz öyrənir.

Dedim:

- Mən bulyon istəmirəm, xahiş edirəm, məni buraxın.

Sonra məni evinə apardı.

Yolda soruşdum:

- Müslüm, məni evinə aparırsan. Bəs sən harada yaşayırsan?

Dedi:

- 26 Bakı Komissarları tərəfdə.

Getdik evə. Mən başladım “Come Prima”nı çalmağa, o da oxumağa. Mən caz akkordları vururdum, o oxuyurdu. Mən Müslümü çox sevirdim. Amma çox siqaret çəkirdi. Gündə üç qutu “Marlboro”.

Deyirdim:

- Müslüm, sən oxuyansan, siqaret çəkmə.

Deyirdi:

- Mənim səsim Allah vergisidir.

Belə şey görməmişdim. Mən pianinoda çalanda qapını döydülər. Sən demə, Polad Bülbüloğlu onun qonşusu imiş.

Dedi:

- Bu nə cazdır? Kimə lazımdır bu caz?

Müslüm mənə işarə etdi:

- Heç nə demə.

O vaxtlar caz çalmaq asan məsələ deyildi. Mən təkcə caz çalmırdım. Azərbaycan bəstəkarlarının da, Rusiya bəstəkarlarının da əsərlərini çalırdım. İki il Moskvada qaldım. İstəyirdilər orada qalım.

Dedim ki, yox, mənim doğma Bakım var. Xahiş edirəm, məni buraxın. Mənim üçün Bakı doğmadır.

Konservatoriya bomboşdur...”

- Siz Müslüm Maqomayevdən danışdınız. Hazırkı dövrdə musiqinin vəziyyətini bilirsiniz - istər yaxşı mənada, istər pis mənada. Bəs indi o sənətkarlar haradadır? Vaqif Mustafazadələr, Rəşid Behbudovlar, Müslüm bəylər... Haradadır? Niyə elələri yoxdur? Niyə elə sənətkarlar yetişmir?

- Bir az ayrı tərəfə getdilər. Konservatoriya bomboşdur. Heç kəs yoxdur. Baxırsan, dörd nəfər dayanıb, bilmirlər nə etsinlər. Müəllimlər yoxdur, heç kəs qalmayıb.

Sonra cavanlar başlayıblar gəlməyə. Onlar nə müəllimdirlər? Yox, əlbəttə. Müəllimlik insanın içində olmalıdır.

- Bəs sizin kimi sənətkarlar necə yetişməlidir?

- Hamısı getdi o biri tərəfə. Bircə qaldı toy. Toylara gedirlər. “Nə qədər pul verəcəksən? Bir az çox ver də...” Bu nədir? Məsələn, mən bunu deməyə utanıram. O söhbət məndə yoxdur. Məni çağırırlar, amma heç getmirəm. Mən indi soruşum ki, nə verəcəksən? Mən bunları bilmirəm.

O biriləri isə deyirlər ki, mənim üçün üç min qoyarsan, yarım saat oxuyaram. Bu nədir?

“Raya xanım mənim canım-ciyərim idi...”

- Sizin həyat yoldaşınız dünyasını dəyişib. Ümumiyyətlə, insanın ömür-gün yoldaşını itirməyi, xüsusən də, müəyyən yaşdan sonra itirməyi ona daha çətindir. Çünki yoldaşı həm də insanın dostuna çevrilmiş olur. Onu itirəndən sonra həyat sizin üçün necə dəyişdi?

- Raya xanım... Mənim canım-ciyərim... Onu itirmişəm...  Xəstəxanaya getdik. Sonra evə gətirdilər. Bir il yaşadı və getdi... Onun ölümündən sonra həyat artıq ayrı tərəfə gedib.

- Növbəti sualım “Qaya” qrupu ilə bağlıdır. Qrupun siz də daxil olmaqla dörd üzvü olub. Bu illər ərzində saysız-hesabsız qastrol səfərləriniz olub, eyni səhnəni bölüşmüsünüz. Səhnədə belə gözəl harmoniya yaradan dörd nəfər pərdə arxasında necə idi? Hansı maraqlı xatirələr yadınızda qalıb?

- Necə deyim sizə... O, Allahın işidir. “Qaya”nın dördüncü üzvü olan Lev Yelisavetski İsrailə getdi. O gedəndən sonra üç nəfər qaldılar. Dördüncü üzvü çox axtardılar, amma tapa bilmədilər. “Qaya” dörd nəfərdir. Hər oxuyanın öz notu var. Biri olmayanda artıq “Qaya” alınmır.

Neçə-neçə adam gəldi, qoşulmaq istədi. Gördülər ki, yox, bu, “Qaya”ya uyğun deyil. “Qaya” olmaq üçün akkord nədir, partiya nədir gərək biləsən. Dörd nəfər bir yerdə oxuyursa, bax, o “Qaya”dır.

Heydər Əliyevin qarşısında “Qaya” ilə ilk səhnə həyəcanı...

Allah rəhmət eləsin - Heydər Əliyev gördü ki, onlar üç ildir oxumurlar. Dedi, çoxdandır “Qaya”nı eşitmirəm. Qoy gəlsinlər, Respublika Sarayında üç mahnı oxusunlar.

Bu “Qaya”ya söylənəndə deyiblər ki, dördüncü üzvü tapa bilmirik. Birdən orada olan bir mühafizəçi deyib ki, uşaqlar, gedib Cavan Zeynallını tapın.

Mənə notları verdilər: “Pəncərədən daş gəlir”, “Almanı atdım xarala”, “Ey həyat, sən nə qəribəsən”. Evdə məşq etdim. İki gündən sonra konsertə gəldik. Zal dolu idi. Heydər Əliyev də salonda idi. Səhnəyə çıxanda ayağım titrəyirdi. Öz-özümə dedim ki, səhnədə belə etmə. Üç mahnı oxuduq. Bütün zal alqışladı. Konsert bitəndən sonra Polad Bülbüloğlu dedi ki, heç kim getməsin, Heydər Əliyev sizi görməyə gəlir. Sonra o gəldi. Mənə baxıb dedi:

- Cavanşir, sən “Qaya”da oxuyursan?

Dedim:

- Hə, o biri xəstələndi. Mən onun notlarını öyrəndim, gəlib oxudum.

Dedi:

- “Qaya” sənə görə yaxşı oxudu!

Məni təriflədi, artistlərin hamısı məni səsləyirdi: “Cavan, Cavan, sağ ol, Cavan!”

Gəlib mənim əlimi sıxdı. Sonra Rauf Babayevin, Arif Hacıyevin, Teymur Mirzəyevin də əlini sıxdı.

Onlar mənə dedilər:

- Cavan, sənə görə neçə ildən sonra birinci dəfədir ki, bizim əlimizi sıxdı. Yəni deyirəm ki, baxın, mən belə adamam. Harada oluramsa, mütləq bir canlanma yaradıram. Sonra getdi digər artistlərlə danışmağa. Artistlər də onunla çox yaxşı ünsiyyət qurdular. Bununla da konsert başa çatdı, hamı dağılışdı.

“Qaya” tarixdə qaldı!

- “Qaya” çox məşhur bir qrup olub, keçmiş SSRİ miqyasında böyük şöhrət qazanmışdı. Qrup dağılandan sonra sizdə hansısa bir boşluq, tənhalıq hissi yarandı mı?

- “Qaya” 50 il konsertlərə getdi. 50 il... O cavanlar hələ 19 yaşında idilər, gəlib oxuyurdular. “Qaya” kimi oxumaq bir daha olmayacaq! Olmayacaq! Çünki bu çox çətin işdir. Biri var ki, tək çıxıb özün üçün oxuyursan, o başqa məsələdir. Amma dörd nəfərin bir yerdə ahənglə oxumağı tamam başqa sənətdir. Ona görə “Qaya” tarixdə qaldı. Allah rəhmət eləsin! Onlar kimi bir daha olmayacaq. Moskvada da, Gürcüstanda da, Rostovda da, Leninqradda da çalışdılar ki, “Qaya” kimi oxusunlar. Alınmadı. Biz tarixdəyik. Mən də tarixdəyəm. Çünki mən 20 il onlarla çalışdım. 20 il...

Xalq artistinin səmimi etirafları və unudulmaz xatirələri ilə dolu videomüsahibəni təqdim edirik:

FOTO - VİDEO: Nadir İbrahimli

Paylaş:
96

Son xəbərlər

Piyada məsu

Bu gün, 10:28
Bütün xəbərlər