Tramp: İran üçün razılaşma əldə etmək üçün əlverişli zamandır
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı və Vaşinqton-Tehran münasibətləri ilə bağlı sərt bəyanatlar səsləndirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, İran üçün hazırda razılaşma əldə etmək üçün əlverişli vaxtdır.
"İran üçün razılaşma əldə etmək üçün yaxşı zamandır. Əgər onlar razılığa gəlməsələr, geri qayıdacağam və işi başa çatdıracağam. Onların körpülərinin əksəriyyətini bir saatdan az müddətdə məhv edə bilərəm. Enerji stansiyalarını isə bir gün ərzində sıradan çıxarmaq mümkündür", - deyə ABŞ Prezidenti bildirib.
O əlavə edib ki, Qum şəhərində baş verən proseslərdən tam məlumatlıdır və bunu "böyük problem" hesab etmir.
Trampın sözlərinə görə, İranın nüvə obyektləri artıq məhv edilib və əgər tərəflər arasında razılaşma əldə olunmasa, Qumun da hədəfə çevrilə biləcəyini iddia edib.
"Əgər razılıq əldə olunmasa, bunu çox asanlıqla edə bilərik. İranı hərbi baxımdan tamamilə zəiflətmişik. Onların nə donanması, nə də hava qüvvələri əvvəlki vəziyyətindədir. Orduları ciddi zərbələr alıb", - deyə o vurğulayıb.
ABŞ Prezidenti həmçinin bildirib ki, Hörmüz boğazına nəzarət Vaşinqtonun əlindədir və İrana qarşı tətbiq olunan dəniz blokadasının olduqca sərt olduğunu iddia edib.
Trampın sözlərinə görə, hazırda tətbiq edilən dəniz blokadasını aşmaq mümkün deyil.












