Yaponiyada 7,1 bal gücündə zəlzələ: Çox sayda insan dağıntılar altında qaldı | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada 7,1 bal gücündə zəlzələ: Çox sayda insan dağıntılar altında qaldı

Oksana Orucova15:58 - Bu gün
Yaponiyada 7,1 bal gücündə zəlzələ: Çox sayda insan dağıntılar altında qaldı

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlardan sonra Kumamoto bölgəsində yerləşən ticarət mərkəzlərindən birində çox sayda insanın dağıntılar altında qaldığı bildirilir.

Məlumata görə, episentri Kyuşu adasının daxili hissəsində yerləşən zəlzələ yerli vaxtla saat 16:27-də (Bakı vaxtı ilə 11:27) qeydə alınıb. Hadisədən sonra bölgədə 150 mindən çox sakinə təxliyə mərkəzlərinə getmək çağırışı edilib.

Zəlzələdən dərhal sonra elan olunan sunami xəbərdarlığı isə təxminən bir saat sonra ləğv olunub.

Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, Kumamoto bölgəsində yerləşən Aeon ticarət mərkəzində çox sayda insanın dağıntılar altında qaldığı ehtimal edilir. Yanğınsöndürmə xidmətinin yaydığı məlumata görə, Kaşima qəsəbəsində də ticarət mərkəzlərindən birinin ikinci mərtəbəsi çöküb və binada çox sayda insan köməksiz vəziyyətdə qalıb.

Yaponiya Meteorologiya Agentliyi zəlzələnin cəmi 10 kilometr dərinlikdə baş verdiyini bildirərək, güclü afterşokların baş verə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Yaponiyanın NHK telekanalının yaydığı kadrlarda yollarda və körpülərdə yaranan iri çatlar, həmçinin alov içində qalan bəzi binalar əks olunub.

NHK-nin məlumatına görə, yaralananlar arasında qocalar evinin 10 sakini var. Bundan başqa, azı 50 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.

Zəlzələ səbəbindən bölgədə qatarların hərəkəti dayandırılıb, minlərlə ev isə elektrik enerjisiz qalıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər