Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 46 ailə olmaqla, 223 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
08:16
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.































