Taleh Yüzbəyovun reklamı qalmaqal yaratdı – aktyordan tənqidlərə cavab: “Siz ali cins deyilsiniz” - VİDEO
Tanınmış aktyor Taleh Yüzbəyov paylaşdığı reklam sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
1news.az xəbər verir ki, buna səbəb aktyorun rol aldığı dondurma reklamı olub. Reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq "təbii dondurma"nın üstünlüyü vurğulanır.
Lakin reklamın bu təqdimat tərzi sosial şəbəkə istifadəçiləri tərəfindən, xüsusilə də qadınlar tərəfindən birmənalı qarşılanmayıb. Qısa müddətdə geniş müzakirələrə səbəb olan çarx qadınlara qarşı stereotipləri təşviq etdiyi və alçaldıcı mesaj verdiyi iddiaları ilə tənqid olunub.
Paylaşılan çoxsaylı şərhlərdə həm Taleh Yüzbəyovun, həm də reklamı hazırlayan şirkətin ünvanına sərt fikirlər səsləndirilib.
İstifadəçilərin bir qismi reklamın etik çərçivələri aşdığını və bu cür məzmunun yolverilməz olduğunu bildirib.
Məsələ ilə bağlı Taleh Yüzbəyov öz sosial şəbəkə hesabında hekayə bölməsində paylaşım edərək bildirib:
“Əziz xanımlar, Siz ali cins deyilsiniz. Mövcud 2 bioloji cinsdən birisiniz. Ona görə kişilər kimi sizi də tənqid eləmək mümkündür və normaldır.
Estetik əməliyyat kimlərinsə seçimidir. Estetik gözəlliyi bəyənib-bəyənməmək də başqalarının seçimidir. Buna görə belə kütləvi isterika yaşamayın.
Bu reklamların növbəti seriyalarında qəhrəmanlar kişilərdir. Həmin videolarda da sizdən eyni həssaslıq və aktivlik gözləyirəm. Sevgilər”.
Sözügedən videonu təqdim edirik:












