İlham Əliyev: 23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir
23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik. İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər, iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir, insanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq, deyirdim ki, inanın, onlar da inanırdı. 17 il az müddət deyil, 17 il mənim sözlərimə inanıb gözləyirdilər, aparılan işlərə dəstək olurdular", - Prezident qeyd edib.
Dövlət başçısı qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin idi:
"Müharibə qədər də olmasa, çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi, onu qəbul etmək istəməyən kifayət qədər qüvvələr, dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da Azərbaycanı asılı vəziyyətdə saxlamaq, tam ədaləti bərpasına nail olmayaq deyə müxtəlif fitnələr təşkil edilirdi, biz bütün bunları yaxşı xatırlayırıq".












