Azərbaycan və Qırğızıstanın yeni müttəfiqlik modeli: Ortaq maraqlar və strateji hədəflər - ŞƏRH
“Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni səhifə açıb: “Bugünkü geosiyasi şəraitdə Azərbaycan və Qırğızıstan nümayiş etdirirlər ki, ortaq tarix, dil və mədəni irs müasir iqtisadi və siyasi əməkdaşlıqla tamamlandıqda Türk dünyasında daha güclü inteqrasiya və qarşılıqlı etimada əsaslanan yeni inkişaf modeli formalaşa bilər. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin hüquqi bazasını daha da gücləndirməklə yanaşı, Türk dünyasında inteqrasiyanın dərinləşdiyini nümayiş etdirdi. Bu sənəd iki ölkə arasında münasibətlərin strateji xarakterini təsdiqləyən mühüm siyasi addımdır. Müttəfiqlik münasibətləri yalnız siyasi bəyanat deyil, qarşılıqlı etimad və məsuliyyət tələb edən uzunmüddətli strateji öhdəlikdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qaldırıldı”. Bu baxımdan, Azərbaycan və Qırğızıstanın bundan sonra beynəlxalq təşkilatlarda, regional təhlükəsizlik məsələlərində, iqtisadi layihələrdə və siyasi təşəbbüslərdə bir-birinə daha fəal dəstək göstərəcəyi şübhəsizdir”.
N.Məmmədova qeyd edib ki, səfərin mühüm nəticələrindən biri Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılmasıdır:
“Bu qərar iki ölkə arasında iqtisadi əməkdaşlığın praktiki müstəvidə daha da genişlənməsinə imkan verəcək. Fond çərçivəsində artıq bir sıra layihələrin həyata keçirilməsi və yeni təşəbbüslərə start verilməsi əməkdaşlığın real nəticələrini göstərir. Kapitalın artırılması sənaye, kənd təsərrüfatı, logistika, tikinti, emal sənayesi və digər sahələrdə daha iri investisiya layihələrinin reallaşdırılması üçün əlavə imkanlar yaradacaq. Bu, həm Azərbaycan, həm də Qırğızıstan iqtisadiyyatları üçün yeni inkişaf imkanları deməkdir. Eyni zamanda, qarşılıqlı investisiyaların artması biznes dairələri arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək. Hesab edirəm ki, qarşıdakı dövrdə Fondun fəaliyyəti iki ölkə arasında iqtisadi münasibətlərin əsas hərəkətverici istiqamətlərindən birinə çevrilə bilər”.
Deputatın sözlərinə görə, Azərbaycan-Qırğızıstan əməkdaşlığında nəqliyyat və logistika istiqaməti də xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanın Orta Dəhlizdəki rolu Qırğızıstan tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən bu mühüm nəqliyyat xəttinin əsas həlqələrindən biridir. Azərbaycanın son illərdə liman, dəmir yolu və logistika infrastrukturuna yatırdığı investisiyalar Orta Dəhlizin imkanlarının genişləndirilməsinə mühüm töhfə verib. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi fonunda bu dəhlizin əhəmiyyəti daha da artır. Qırğızıstanın da bu prosesdə fəal iştirak etmək niyyəti Azərbaycanla əməkdaşlığın nəqliyyat-logistika sahəsində yeni layihələrlə zənginləşəcəyini göstərir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə Azərbaycan arasında iqtisadi bağlantıların daha da möhkəmlənməsinə şərait yaradacaq”.
N.Məmmədova vurğulayıb ki, iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır: “Azərbaycanın Qarabağın bərpası prosesində Qırğızıstanın dəstəyini yüksək qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Ağdam rayonunda inşa edilən “Manas” məktəbi iki qardaş xalq arasında həmrəyliyin və dostluğun konkret nümunəsidir. Eyni zamanda, Çingiz Aytmatovun Bakıda abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Bu layihələr ortaq türk mədəniyyətinin və tarixi irsin gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan və Qırğızıstan arasında humanitar əlaqələrin bundan sonra da genişlənəcəyinə inanırıq”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı Azərbaycanın regiondakı rolunun daha da artdığını göstərir: “Bu hadisə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Azərbaycan artıq region dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə sıx əməkdaşlıq edən əsas tərəfdaşlardan biridir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsi də bu prosesə mühüm təkan verir. Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, rəqəmsal və nəqliyyat bağlantılarının genişləndirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında strateji tərəfdaşlığı daha da gücləndirir. Hesab edirəm ki, Azərbaycan–Qırğızıstan münasibətlərində əldə olunan yeni razılaşmalar bu ümumi regional inteqrasiya prosesinin mühüm tərkib hissəsidir”.
Xatırladaq ki, 31 iyulda Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.










