“SpaceX” raketinin Aya çırpılmasına saatlar qaldı – yeni krater yaranacaq
“SpaceX” şirkətinə məxsus istifadədən çıxarılmış raketin üst pilləsinin gələn həftə Ayın səthinə çırpılması gözlənilir.
1news.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, saatda təxminən 8 700 kilometr sürətlə baş verəcək toqquşma Ayın səthində yeni krater yaradacaq. Toqquşma nəticəsində yaranacaq toz buludunun alimlər üçün mühüm elmi məlumatlar verə biləcəyi bildirilir.
Toqquşmanın çərşənbə günü Ayın Eynşteyn kraterinin yaxınlığında baş verəcəyi proqnozlaşdırılır.
Zərbənin gücü 3 ton TNT-yə bərabər olacaq
Kosmik obyektlərin hərəkətini izləyən mütəxəssis Bill Qreyin sözlərinə görə, raket Ayın səthinə saatda təxminən 8 700 kilometr sürətlə çırpılacaq.
Toqquşma zamanı yaranacaq enerjinin təxminən 3 ton TNT-nin partlayış gücünə bərabər olacağı hesablanır. Nəticədə Ayın səthində yeni krater yaranacaq, toz və qaya parçaları isə bir neçə kilometr hündürlüyə qalxacaq.
Mütəxəssislər yaranacaq toz buludunun teleskoplar vasitəsilə bir neçə dəqiqə ərzində müşahidə edilə biləcəyini bildirirlər.
Ayla toqquşan ikinci raket olacaq
Məlumata görə, sözügedən raket təxminən bir il əvvəl iki Ay eniş aparatını kosmosa çatdırmaq üçün istifadə edilib.
Mütəxəssislərin sözlərinə görə, “SpaceX” şirkətinin raketi Ayla toqquşdurmaq kimi planı olmayıb. Bildirilir ki, raketin missiyasını başa vurduqdan sonra Günəş orbitinə yönəldilməsi ilə bu toqquşmanın qarşısını almaq mümkün olardı.
Bu hadisə Ayla təsadüfən toqquşan ikinci raket kimi tarixə düşəcək. 2022-ci ildə Çinə məxsus raketin bir hissəsi Ayın Yerdən görünməyən tərəfinə çırpılıb və səthdə iki krater yaradıb.
Alimlər toqquşmanı müşahidə edəcək
Tədqiqatçılar yaranacaq kraterin təxminən 27 metr enində və 5 metr dərinliyində olacağını proqnozlaşdırırlar.
Kraterin Yerdən müşahidə edilə bilməyəcək qədər kiçik olacağı, lakin Ayın orbitində fəaliyyət göstərən kosmik aparatların onu görüntüləyə biləcəyi bildirilir.
NASA-nın “Lunar Reconnaissance Orbiter” kosmik aparatı və Cənubi Koreyanın “Danuri” Ay orbital aparatı toqquşmadan əvvəl və sonra Ayın səthinin görüntülərini əldə edəcək.
“Danuri”nin toqquşmadan təxminən iki dəqiqə əvvəl raketin cəmi bir neçə kilometr yaxınlığından keçəcəyi gözlənilir.












