Türkiyəli müğənni İlyas Yalçıntaş həbs olundu
İstanbulun Bakırköy Rayon Prokurorluğu tərəfindən aparılan narkotik vasitələrlə bağlı istintaq çərçivəsində dünən saxlanılan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində həbs olunanlar arasında müğənni İlyas Yalçıntaş, eləcə də Ayşe Nur Balcı, Orhan Yıldız və Şefik Ömer Dolman yer alır.
Digər şübhəli Önər Faruk Işık isə məhkəmə nəzarəti qətimkan tədbiri tətbiq edilməklə sərbəst buraxılıb.
İlyas Yalçıntaş saxlanıldıqdan sonra sosial şəbəkə hesabında paylaşım edərək evində hər hansı qadağan olunmuş maddənin aşkarlanmadığını bildirib. O, evində tapıldığı iddia edilən həssas tərəzinin qidalanma və kalori hesablaması üçün istifadə etdiyi adi mətbəx tərəzisi olduğunu vurğulayıb.
Müğənni paylaşımında qeyd edib:
"Bəzi xəbərlərdə iddia olunduğunun əksinə olaraq, evimdə heç bir qadağan olunmuş maddə aşkarlanmayıb. Xəbərlərdə bəhs olunan 'həssas tərəzi' isə kalori və qidalanma hesablaması üçün istifadə etdiyim, mətbəx masasının üzərində açıq şəkildə saxladığım tam qanuni və adi bir mətbəx tərəzisidir".












