Rusiyada yanacaq böhranı: Uzun növbələr yaranıb
Dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiya Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra ciddi yanacaq qıtlığı ilə üzləşib.
1news.az AFP-yə istinadən xəbər verir ki, ölkənin böyük hissəsində yanacaqdoldurma məntəqələrində benzin tükənib, sürücülər isə yanacaq almaq üçün saatlarla növbədə gözləməli olurlar.
Moskvadan təxminən 480 kilometr şimalda yerləşən Voloqda şəhərində yaşayan Yelena və Dmitri cütlüyü şəhərdən qayıdarkən yanacaq tapa bilmək üçün dörd müxtəlif yanacaqdoldurma məntəqəsinə baş çəkməli olduqlarını bildiriblər.
Məlumata görə, bəzi məntəqələr tamamilə fəaliyyətini dayandırıb, açıq olanlarda isə uzun avtomobil növbələri yaranıb. Oxşar vəziyyət Rusiyanın demək olar ki, bütün regionlarında müşahidə olunur. Bildirilir ki, yanacaq çatışmazlığı müharibənin başlanmasından bəri gündəlik həyata ən çox təsir göstərən problemlərdən birinə çevrilib.
Böhranın dərinləşməsi fonunda Rusiya hökuməti əvvəlcə bəzi benzin növlərinin və aviasiya yanacağının ixracını qadağan edib. Ötən həftə isə bu qadağa dizel yanacağını da əhatə edəcək şəkildə genişləndirilib. Bəzi bölgələrdə yanacaq paylanmasına kvotalar tətbiq olunmağa başlanıb.
Sürücülər son günlər xüsusilə Moskvada növbələrin qismən azaldığını və yanacaq tədarükünün sürətləndiyini bildirsələr də, ölkə üzrə problemin hələ də davam etdiyi qeyd olunur.
ABŞ-ın Energy Intelligence analitik mərkəzinin iyul ayında dərc etdiyi hesabata əsasən, Ukraynanın fevral ayından etibarən intensivləşdirdiyi hücumlar nəticəsində Rusiyanın gündəlik 6,6 milyon barrel emal gücünə malik neft emalı zavodlarının təxminən yarısı fəaliyyətini dayandırıb.
Kiyev bu hücumların Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflətməyə yönəldiyini bildirir.
Kreml isə vəziyyətin kritik həddə olmadığını iddia edir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya iqtisadiyyatına zərbə vurmağa və cəmiyyətdə panika yaratmağa çalışdığını, lakin buna nail ola bilməyəcəyini deyib.
Onun sözlərinə görə, Rusiyanın enerji sistemi bu təzyiqlərə tab gətirmək gücünə malikdir.
Ukrayna sərhədindən təxminən min kilometr uzaqlıqda yerləşən Voloqda şəhərində yaşayan bəzi sürücülər isə yaranmış vəziyyətə görə Qərb ölkələrini günahlandırıblar.
AFP-yə danışan bəzi sakinlər Kremlin mövqeyini təkrarlayaraq Ukrayna və Qərbin müharibəni daha da qızışdırdığını iddia ediblər.












