Oğuzhan Uğur həbs edildi: İfadəsində Haluk Leventdən də danışdı
İstanbul Respublika Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan 10 şübhəli barəsində məhkəmə qərarı açıqlanıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbətçi Sülh Cinayət Məhkəməsi jurnalist və aparıcı Oğuzhan Uğur da daxil olmaqla 9 şübhəli barəsində həbs qətimkan tədbiri seçib.
Həbs olunanlar Oğuzhan Uğur, Ersin Gökgün, Muharrem Karataş, Gülgün Öztürk, Emre Kartaloğlu, Hüseyin Küçük, Suzan Düşküner Mintaş, Fatih Eke və Emir Taşardır.
İstintaq çərçivəsində barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilməsi istənilən Özgür Ömer Güner isə məhkəmə nəzarəti tətbiq olunmaqla sərbəst buraxılıb.
Oğuzhan Uğur prokurorluqda verdiyi ifadəsində irəli sürülən ittihamları qəbul etməyib. O bildirib ki, qardaşı Tuğrul Uğurun bank hesabları üzrə əməliyyatlarından xəbərsiz olub.
Uğur ifadəsində deyib:
"Mənim üçün əsas dönüş nöqtəsi jurnalist dostumdan eşitdiyim məlumatlar oldu. Haluk Levent barədə müxtəlif dedi-qodular eşidirdim. Lakin oxşar vəziyyəti şəxsən yaşadıqdan sonra onunla bütün əlaqəmi kəsdim. Bu, Haluk Leventlə aramızdakı şəxsi məsələ idi".
"Vətəndaşları AFAD-a yardım etməyə təşviq edirdik"
Oğuzhan Uğur ifadəsində bildirib ki, zəlzələ dövründə Babala TV studiyasında yardım kampaniyaları ilə bağlı yayımlar hazırlayıblar.
Onun sözlərinə görə, yayımlanan görüntülərin altında həm "Ahbap" Dərnəyinin, həm də AFAD-ın (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) bank hesabı (IBAN) məlumatları yerləşdirilib.
"Yardım etmək istəyən şəxslər bizə zəng edərək həmin hesab nömrələrini dəqiqləşdirirdilər. Onlardan bəziləri yalnız "Ahbap"a yardım etmək istədiklərini bildirir və məhz bu dərnəyin hesab nömrəsini istəyirdilər. Xaricdən zəng edib yardım etmək istəyənləri isə xüsusilə AFAD-a yönləndirirdik. Çünki göndərilən vəsaitlərin qanunsuz mənbədən ola biləcəyini də nəzərə alırdıq. Buna görə də həmin şəxsləri birbaşa AFAD-a ianə etməyə təşviq edirdik. O dövrə dair yalnız "Ahbap"a yardım çağırışı etdiyimiz iddia olunur, lakin bu, həqiqəti əks etdirmir. Biz sadəcə aidiyyəti qurumların bank hesablarını paylaşmışıq. Nə şirkətlərimiz, nə də şəxsi hesablarımız vasitəsilə hər hansı ianə toplamışıq. Bunun qanunvericiliyə zidd olduğunu bilirdik", – deyə Uğur bildirib.
Haluk Leventlə münasibətlərinin necə pozulduğunu danışdı
Oğuzhan Uğur bildirib ki, zəlzələdən sonra jurnalist dostlarından biri ona zəng edərək Haluk Leventin onun haqqında müxtəlif fikirlər səsləndirdiyini deyib.
"Haluk Levent mənim onu müxalif şəxs kimi təqdim etdiyimi söyləyirmiş. Amma eyni zamanda bunun əslində belə olmadığını da etiraf edib. Mən də ona mesaj yazaraq bunun doğru olub-olmadığını soruşdum. O isə bu barədə üz-üzə danışmalı olduğumuzu dedi. Sonra onunla daha iki dəfə telefon danışığımız oldu. Həmin söhbətlərdən birində mənə "Arxamca pis danışırsan" dedi. Mən də söhbəti uzatmadan telefonu bağladım. Digər danışığımızda isə yeni mahnı çıxaracağını bildirdi və dəstək istədi. Bundan başqa aramızda heç bir əlaqə olmayıb.
Daha sonra başqa bir jurnalist dostum 27 fevral 2023-cü ildə mənə zəng edərək Haluk Leventlə bağlı müəyyən şübhələrinin yarandığını, bu prosesdən narahat olduğunu və məsələni araşdırmaq üçün sənəd axtardığını dedi. Həmin dövrdə Haluk Levent cəmiyyətdə xeyriyyəçi, hətta bir növ qəhrəman kimi qəbul olunurdu. Əldə heç bir sənəd olmadan bu məsələni araşdırmaq mümkün deyildi. Mən də ona bir müddətdir Haluk Leventlə əlaqə saxlamadığımı dedim və gözləməyə başladıq.
Mənim üçün əsas dönüş nöqtəsi jurnalist dostumdan eşitdiklərim oldu. Haluk Levent haqqında müxtəlif dedi-qodular eşidirdim. Lakin oxşar vəziyyəti özüm yaşayandan sonra onunla bütün əlaqəmi kəsdim. Bu, Haluk Leventlə aramızdakı şəxsi məsələ idi", - deyə Uğur ifadəsində bildirib.
Oğuzhan Uğur vurğulayıb ki, Haluk Leventlə sıx əməkdaşlıq etməyib və onun maliyyə əməliyyatları barədə məlumatı olmayıb.
"Onun maliyyə baxımından hansı qərarlar verdiyini bilmirəm. Buna görə də dərnəyə edilən ianələrin təyinatı üzrə istifadə olunub-olunmaması ilə bağlı hər hansı şübhəm olmayıb. Əslində bunu müəyyən edə biləcək mövqedə də deyildim. Nə "Ahbap" Dərnəyi, nə də Haluk Leventlə hər hansı kommersiya fəaliyyəti və ya işbirliyim olub. Şirkətimin və ya şəxsi hesablarımın heç birinə bu məsələ ilə bağlı vəsait daxil olmayıb. O dövrün həssaslığını nəzərə alsaq, belə bir addımı atmaq heç ağlımızdan da keçməyib", – deyə o bildirib.
Hesabına köçürülən 6,5 milyon TL ilə bağlı suala cavab verən Uğur isə qeyd edib:
"Bu vəsaiti həmin dövrdə ev krediti, mənzildə aparılan təmir xərcləri, əməkhaqları və vergi borclarını ödəmək üçün adını açıqlamaq istəmədiyim ailə dostumuzdan borc almışdıq. Həmin pulu sadaladığım ödənişlər üçün istifadə etmişik. Bank hesabları üzrə bütün hərəkətləri istintaqa təqdim edəcəyik. Vəsaitin hara xərcləndiyi həmin sənədlərdə açıq şəkildə görünəcək".












